Azərbaycanın boks millisi İslam Oyunlarının ən güclüsü olub

Medal siyahısında Qazaxıstan üçüncüdür

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 19 May 2017, 13:41

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsində ən güclü komanda adını Azərbaycan millisi qazanıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, 10 çəki dərəcəsində qüvvəsini sınayan kişi boksçuların yarışında təşkilatçı ölkə yığması 7 medala sahib olub. Hesabına 3 qızıl, 3 gümüş və 1 bürünc mükafat yazan komanda bu göstəricidə hamını qabaqlayıb.

İslamiadanın ən yaxşısı adına yiyələnən Azərbaycan millisi həm ümumi medal sayında, həm də mükafatlarının əyarına görə rəqibləri üçün əlçatmaz olub. Ən yaxın izləyici Özbəkistan Oyunları 2-ci pillədə bitirib. Liderdən 2 medal geri qalan asiyalılar 5 dəfə fəxri kürsüyə qalxıblar. Bunlardan 3-ü qızıl medal olub.

Medal siyahısında Qazaxıstan üçüncüdür. Bu komanda Bakıdan 2 çempionluq və 3 “bürünc”lə ayrılır. Boks yarışlarında himni çalınan digər 2 ölkə isə Suriya ilə Türkmənistandır. "Bakı-2017"də yalnız bu 5 ölkə çempionluq sevinci yaşayıb. Ümumilikdə isə 13 yığmanın üzvləri medal qazanmağı bacarıb.

Qeyd edək ki, Azərbaycan boks millisinin heyətində Cavid Çələbiyev (60 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) birinci, Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) ikinci, Tayfur Əliyev (56 kq) isə üçüncü yeri tutub.

 

NÖlkəQızılGümüşBürüncCəmi
1AZƏRBAYCAN3317
2Özbəkistan3025
3Qazaxıstan2035
4Suriya1124
5Türkmənistan1113
6İraq0202
7Mərakeş0134
8-9Misir0112
 Türkiyə0112
10İordaniya0033
11-13Əlcəzair0011
 Kamerun0011
 İran0011
Cəmi 10102040