Yaralı fələstinlini öldürən İsrail əsgərinin apelyasiya şikayəti ləğv edilib

İttiham tərəfi onun üçün daha böyük müddətə həbs xahişi ilə çıxış edib

Bakı, Ceyhun Nəzərov, İnteraz - 31 Iyul 2017, 10:40

İsrail hərbi məhkəməsi bıçaqla hərbçiyə hücum edən yaralı fələstinlinin qətlə yetirilməsinə görə 1,5 il müddətinə azadlıqdan məhrum edilən əsgərin apelyasiya şikayətini ləğv edib.

Bu barədə İnterAz BBC-yə istinadla xəbər verir.

Elior Azariya cari ilin yanvarında bilərəkdən qətl törətməkdə təqsirli bilinib. O, 2016-cı ilin martında əl-Həlildə, qərb sahilində 21 yaşlı Abdul Fatah Şərifi atəş açaraq qətlə yetirib.

Hərbi tibb işçisi, çavuş Azariya hökmdən apelyasiya şikayəti verib. İttiham tərəfi onun üçün daha böyük müddətə həbs xahişi ilə çıxış edib.

Məhkəmə müttəhimin baş verənlər barədə versiyasını "etibarsız" adlandırıb və apelyasiya şikayətini ləğv edərək, Azariya üçün həbs müddətini əvvəlki kimi saxlayıb.

"Onun hərəkətinin əsl səbəbi qisasdır.", - “Times of Israel” qəzeti hakimin sözlərindən sitat gətirib.

Azariya fələstinlinin üzərində kamikadze kəmərinin ola biləcəyindən ehtiyatlandığı üçün belə bir addım atdığını söyləyib. Lakin hakimlər onun fəaliyyətinin fələstinlinin fəaliyyəti ilə əlaqəli olmadığı qənaətinə gəliblər.