Türkiyə Superliqası Azərbaycanda yayımlanacaq

Bu həftədən etibarən Türkiyə Superliqasının görüşləri “CBC Sport”la yayımlanacaq

Bakı, Nazilə Xaqani, İnteraz - 07 Sentyabr 2017, 17:30

Türkiyə Superliqasının oyunları Azərbaycanda canlı yayımlanacaq.

İnterAz "Apasport.az" istinadən xəbər verir ki, qonşu ölkə çempionatının qarşılaşmaları “CBC Sport” kanalı ilə nümayiş olunacaq.
 
Bunu televiziya kanalının rəhbəri Volkan Üst açıqlayıb. O kanalın canlı efirində bildirib ki, bu həftədən etibarən Türkiyə Superliqasının görüşləri “CBC Sport”la yayımlanacaq: “Böyük sevinc hissi ilə tamaşaçılarmıza, futbol ictimayyətinə, futbolu sevən hər kəsə bildirmək istəyirik ki, Türkiyə Superliqasının oyunları tarixdə ilk dəfə Türkiyədən kənarda fəaliyyət göstərən və açıq yayımda olan kanal vasitəsi ilə yayımlanacaq. Bu ilkə “CBC Sport” imza atdı. Azərbaycana gələn gündən bu çempionatın burada yayımlanmasına çalışdım. Və budu, çoxsaylı danışıqlardan sonra “Saran Holding”, “Digi Türk” və AFFA-dan olan dostlarmızın köməyi ilə biz, nəhayət, bu bayramı sizə yaşada biləcəyik. “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor” kimi köklü klublarla yanaşı, Türkiyə Superliqasında mübarizə aparan digər komandaların oyunlarını da təqdim edəcəyik. Həftədə 2 görüşü canlı yayımlayacağıq”.
 
Kanal rəhbəri derbi oyunlarının yerindən şərh ediləcəyini də istisna etməyib: “İşgüzar əlaqələrimdən yararlanıb, derbi qarşılaşmalara və mərkəzi matçlara şərhçilərimizi göndərməyə çalışacağıq. Azərbaycan çempionatında olduğu kimi, meydanın kənarında “CBC Sport”un studiyasının quraşdırılmasına cəhd göstərəcəyik”.
 
Qeyd edək ki, Türkiyə çempionatı indiyədək ölkəmizdə yayımlanmayıb.