Azərbaycan idmançısı uşu idman növü üzrə 14 ilin rekordunu qırıb

Final döyüşündə Dünya Çempionu ÇXR-nın idmançısına cüzi xal hesabı ilə məğlub olan Hətəmov Çempionatın gümüş medalını qazanıb

Bakı, Nazilə Xaqani, İnteraz - 05 Oktyabr 2017, 17:12

27 sentyabr – 3 oktyabr tarixlərində Rusiyanın Kazan şəhərində Uşu üzrə 14-cü Dünya Çempionatı keçirilib.

İnterAz xəbər verir ki, iki ildən bir keçirilən bu mötəbər yarışda ölkəmiz 3 idmançı ilə təmsil olunub.

48 kq çəki dərəcəsində çıxış edən Orxan Hətəmov İslam Oyunlarının qalibi olmuş Türkiyə idmançısına, sonra Şri Lanka idmançısına tam üstünlüklə qalib gələrək finala vəsiqə qazanıb. Final döyüşündə Dünya Çempionu ÇXR-nın idmançısına cüzi xal hesabı ilə məğlub olan Hətəmov Çempionatın gümüş medalını qazanıb.

Azərbaycan idmançılarının Uşu idman növü üzrə Dünya Çempionatında sonuncu gümüş medalını 2003 –cü ildə  qazandıqlarını nəzərə alsaq, bu nəticəni 14 ilin rekordu hesab etmək olar. Xatırladaq ki, O.Hətəmov 2016-cı ilin Avropa Çempionu və IV Islam Həmrəyliyi oyunlarının bürünc mükafatçısıdır.

İlk 3 döyüşündə Gürcüstan, Fransa  və İordaniya idmançılarına qalib gələn digər idmançımız Ruslan Pirəliyev yarımfinal döyüşünü ÇXR təmsilçısı ilə keçirməli idi. Lakin əvvəlki döyüşlərində ayağı sınan R.Pirəliyev  yarımfinal döyüşünə həkimlər tərəfindən buraxılmamış və 65 kq da bürünc medal qazanmışdır. 

Bu nəticə də 14 Dünya Çempionatında Azərbaycan idmançılarının qazandığı  5-ci bürünc medaldır.