İdman jurnalistləri üçün “Sürətin nəbzini tut-2” praktik təlimi keçiriləcək

Təlimdə iştirak etmək üçün müraciətlər dekabrın 6-dək davam edəcək

Bakı, Nazilə Xaqani, İnteraz - 10 Noyabr 2017, 13:01

Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) yerli idman jurnalistləri üçün Formula-1 ilə əlaqədar “Sürətin nəbzini tut-2” adlı ikigünlük praktik təlim keçirəcək.

BŞH-dən İnterAz-a bildiriblər ki, dekabrın 13-14-də təşkil ediləcək təlim Formula-1 yarışlarını “Sky Sports” və “BeIN Sports” kanallarında işıqlandırmış britaniyalı jurnalist və peşəkar avtoidman şərhçisi Kristofer Medland və beynəlxalq təcrübəyə malik multimedia mütəxəssisi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) “İdman jurnalistikası” proqramının rəhbəri Dan Mason tərəfindən tədris olunacaq.

Təlimin keçirilməsində məqsəd yerli idman jurnalistlərinin avtoidman sahəsində ixtisaslaşmış peşəkar xarici mütəxəssislərin təcrübəsindən faydalanmasını təmin etməkdir. Təlim zamanı iştirakçılar Formula-1 aləmi və onun ətrafında baş verənlər haqqında müxtəlif istiqamətlər üzrə xəbər hazırlamağa dair praktik biliklər alacaq və qazanılmış yeni biliklər multimedia layihəsi çərçivəsində fərdi şəkildə sınaqdan keçiriləcək.

Təlimdə iştirak etmək üçün müraciətlər dekabrın 6-dək davam edəcək.

Təlimə yazılmaq istəyənlər bu keçidə (https://www.bakucitycircuit.com/files/App_form_AZ_v1.docx) daxil olaraq ərizə formasını müvafiq qaydada doldurmalı və formanı tələb olunan digər sənədlərlə birlikdə e-mail vasitəsilə mövzu hissəsində “Sürətin nəbzini tut–2” qeyd etməklə media@bakugp.az elektron ünvanına göndərməlidirlər. Təlim iştirakçıları edilən müraciətlər arasından müsabiqə yolu ilə seçiləcəklər. Seçim prosesindən uğurla keçən jurnalistlərə dekabrın 8-də iştirakın təsdiqinə dair məlumat veriləcək.

BŞH-nin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri və Formula-1 Azərbaycan Qran-Prisinin milli mətbuat katibi Nigar Arpadarai yerli mediada Qran-Pri yarışlarının daha peşəkar səviyyədə işıqlandırılığını bildirib: “Biz hər ötən il Azərbaycan mediasında Formula-1 haqqında daha dolğun, daha məzmunlu, həmçinin daha maraqlı xəbərlərə, məqalələrə rast gəlirik. Bu keyfiyyət artımı nəzərə çarpacaq dərəcədə hiss olunur və şübhəsiz, bunda yerli media nümayəndələri üçün indiyədək keçirildiyimiz təlimlərin və məlumatlandırıcı tədbirlərin rolu böyükdür.

Biz bu uğuru davam etdirmək əzmindəyik və bu səbəbdən də 2017-ci ilin əvvəllərində böyük müvəffəqiyyətlə reallaşdırdığımız “Sürətin nəbzini tut!” adlı praktik təlim proqramının ikinci buraxılışını keçiririk. İnanıram ki, bu eksklüziv təlimlər artıq ənənəyə çevriləcək və ölkədə Formula-1 dünyasına maraq göstərən idman jurnalistlərinin sırası sürətlə genişlənəcək. Fürsətdən istifadə edərək hamını bu ödənişsiz təlimdə iştiraka dəvət edirəm”.

“Sürətin nəbzini tut!” adlı təlimin ilkin buraxılışı yanvarın 24-25-də keçirilib. Təlimi uğurla başa vuran 22 iştirakçıya BŞH, ADBTİA və Dan Mason Media Şirkətinin birgə sertifikatı təqdim olunub.

Qeyd edək ki, növbəti təlimdə iştirakçı sayının 25 olacağı nəzərdə tutulub və təlimi uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar veriləcək.