"Bu oyun bizim üçün çox faydalı oldu"

"Hazırlıq baxımından yaxşı oyun oldu. Rəqibimiz də güclü komanda idi. Qarşılaşmanın məşq baxımından da alındığını demək olar"

Bakı, , İnteraz - 11 Yanvar 2018, 13:43

"Hazırlıq baxımından yaxşı oyun oldu. Rəqibimiz də güclü komanda idi. Qarşılaşmanın məşq baxımından da alındığını demək olar".

İnterAz goal.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan "Akhisar Bələdiyyəspor" - "Qəbələ" oyunundan (1:1) sonra açıqlama verən ukraynalı çalışdırıcı fikirlərini klub saytı ilə bölüşüb:

"Yoxlama görüşü bizə komandanın durumu barədə kifayət qədər məlumat verdi. Hər şey gözlənildiyi kimi oldu. Hətta deyərdim ki, futbolçuların durumuna görə biz onların daha az vaxt oynayacağını düşünürdük. Lakin matçın gedişində onların hazırlığına baxıb, bəzilərinin az qala bütün qarşılaşmada meydanda olmasına qərar verdik. Bu oyun bizim üçün çox faydalı oldu".

Qriqorçuk təlim-məşq toplanışının arxada qalan dövrünü də dəyərləndirib. Mütəxəssis yanvarın 5-də start götürən hazırlığın gedişindən razılığını bildirib:

"Bu görüşə qədər olan hazırlıq prosesində də əla çalışmışdıq. Arxada qalan müddətdə həm biz yaxşı işləmişik, həm də hava şəraiti də mane olmayıb. Elə bu üzdən də belə yaxşı funksional hazırlıqda idik. Mən məşqlərin 6-cı günü üçün olan vəziyyəti nəzərdə tuturam".