Parlament komandalararası beynəlxalq futbol turnirinin finalçıları məlum olub

Komandalar hər biri 30 dəqiqədən ibarət iki hissədə mübarizə aparıblar

Bakı, Nazilə Xaqani, İnteraz - 10 Mart 2018, 15:03

Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinin finalçıları martın 10-da müəyyənləşib.

 

İnterAz xəbər verir ki, “İnter Arena”da keçirilən yarımfinal oyununda Türkiyə və Ukrayna komandaları qarşılaşıblar.

 

Komandalar hər biri 30 dəqiqədən ibarət iki hissədə mübarizə aparıblar.

 

Əvvəlcə hər iki komandanın dövlət himni səsləndirilib.

 

Matça fəal başlayan Türkiyə komandası 1-ci dəqiqədə Ali Sarıkayanın qolu ilə hesabı açıb. Komandaların cəhdlərinə baxmayaraq, oyunun birinci hissəsi Türkiyə komandasının minimal üstünlüyü ilə başa çatıb. İkinci hissədə isə Ukrayna komandası fərqlənib. Matçın 34-cü dəqiqəsində Oleksey Polozok hesaba tarazlıq gətirib.

 

Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib əlavə olunmuş vaxtda müəyyənləşib. Oyunun 68-ci dəqiqəsində Ukrayna komandası Artyom Artyomenkonun qolu ilə hesabda yenidən önə çıxıb. Üç dəqiqə sonra türkiyəli Kazım Kırçı adını tabloya yazdırıb – 2:2. Qarşılaşmanın 73-cü dəqiqəsində ukraynalı Yuri Makedon baxımlı qolla fərqlənib. Türkiyə komandasının qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Oleq Osuhorski Ukrayna komandasının qələbəsini rəsmiləşdirib.

 

Beləliklə, görüşdə 4:2 hesabı ilə qalib gələn Ukrayna komandası turnirin finalına yüksəlib. Martın 11-də keçiriləcək final oyununda Azərbaycan və Ukrayna komandaları üz-üzə gələcəklər.