“Qarabağ”ın futbolçusu Argentina yığması ilə yoldaşlıq oyunundan imtinasının səbəbini açıqlayıb

Dominikan Respublikasında bir həftəmizə 2 min dollar və “Royal Oasis”də 2 günümüzə 800 dollar ödəmişəm

Bakı, Kəmalə Bədəlova, , İnteraz - 17 May 2018, 09:51

“Qarabağ”ın futbolçusu Donald Gerrye Haiti millisinin heyətində Argentina yığmasına qarşı yoldaşlıq matçında iştirakdan imtina edib.

 

İnterAz-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi haititempo.com saytına açıqlamasında millinin düşərgəsinə gəlməməsinin səbəblərini açıqlayıb. O, bildirib ki, öncədən planlaşdırdığı məzuniyyət üçün otellər bron edib və ümumilikdə 4200 dollar ödəyib: “Yığmada olmayacağım şəxsi planlarımla əlaqədardır. Bununla bağlı Haiti Futbol Federasiyasının rəhbərliyi ilə söhbətimiz olub. Mənə mayın 29-da Argentina millisi ilə yoldaşlıq görüşü olacağını söylədilər. Onlara dedim ki, artıq məzuniyyətimi planlaşdırmışam və otellərdə 6 nəfərlik ailə üzvlərim üçün otaq bron etmişəm. Mayamidə 3 gün üçün 1400 dollar, Dominikan Respublikasında bir həftəmizə 2 min dollar və “Royal Oasis”də 2 günümüzə 800 dollar ödəmişəm. İl ərzində fasiləsiz işləmişəm. Həmçinin, övladı dünyaya gələn bacımı ziyarət etməliyəm”.

 

Gerrye yığmaya gəlməməsini həm də “Qarabağ”ın futbolçulara cəmi 8 günlük məzuniyyət verməsi ilə əlaqləndirib: “Klubum avrokuboklarda çıxış edəcək. Bizə uzun müddətli deyil, cəmi 8 günlük məzuniyyət verilib. “Qarabağ” çempionatda son oyununu mayın 21-də keçirəcək. Ailəm üçün darıxmışam. Ona görə də mayın 22-də Argentinaya yollanmaq, orada 7 günlük toplanış keçib, oyuna çıxdıqdan sonra 30-da geri dönmək mənim üçün çətindir. Avstriyada 3 həftəlik təlim-məşq toplanışına yollanmaq üçün iyunun 1-də klubumun düşərgəsində olmalıyam”.

 

Qeyd edək ki, Donald Gerrye "Qarabağ"la 2017-ci il iyulunda 2 illik müqavilə bağlayıb.