Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarılır

BŞH rəsmisi vurğulayıb ki, biletlərin qiyməti əvvəlki illərə nisbətən ucuz olacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Sentyabr 2018, 15:42

2019-cu ilin aprelində keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-Prisinin biletləri oktyabrın ikinci yarısından satışa çıxarılacaq.

 

İnterAz xəbər verir ki, bu barədə Qran-Pri hazırlıqlarına başlanılması ilə əlaqədar jurnalistlərlə keçirilən görüşdə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai bildirib. 

 

BŞH rəsmisi vurğulayıb ki, biletlərin qiyməti əvvəlki illərə nisbətən ucuz olacaq.

 

N.Arpadarai “Formula-1” trasında inşaat işlərinə isə noyabrın sonları - dekabrın əvvəllərində start veriləcəyini açıqlayıb.

 

Nigar Arpadarai onu da bildirib ki, FIA ilə bağlanılan müqavilə 2020-ci ildə başa çatır:

 

“Hazırda 2025-ci ilədək müddəti əhatə edən yeni müqavilə ilə bağlı danışıqlar gedir. Ancaq ola bilər ki, bu müddət beş yox, üç illik olsun. Üstəlik, çalışırıq ki, Azərbaycan Qran-Prisinin ana sponsoru da olsun. Bunun üçün dünyada tanınan şirkətlər olmalıdır. Yəni həmin şirkətlər tək Azərbaycan çərçivəsində tanınmamalıdır”.

 

Qeyd edək ki, gələn mövsümün ilkin təqvimində Azərbaycan Qran-Prisinin 26-28 apreldə təşkili nəzərdə tutulub.