Avropa Liqası: "Qarabağ" "Vorskla" ilə qarşılaşacaq

Cari mövsümdə E qrupunda yer alan Ağdam təmsilçisi hər üç oyunda məğlub olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Noyabr 2018, 10:34

Bu gün "Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

 

İnterAz xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv IV turda səfərdə Ukrayna "Vorskla”sı ilə qarşılaşacaq. "Qarabağ”ın albaniyalı legioneri Ansi Aqolli zədə səbəbindən bu qarşılaşmada iştirak etməyəcək.

 

Cari mövsümdə E qrupunda yer alan Ağdam təmsilçisi hər üç oyunda məğlub olub. "Köhlən atlar” səfərdə "Sportinq”ə 0:2, Bakıda "Arsenal”a 0:3, "Vorskla”ya isə 0:1 hesabı ilə uduzub.

 

Son oyunda "Qarabağ"ı məğlub edən Poltava təmsilçisi isə səfərdə "Arsenal"a 2:4, evdə isə "Sportinq"ə 1:2 hesabı ilə məğlub olub. Ağdam klubu bu görüşdə rəqibinə məğlub olsa, növbəti mərhələ şansını itirəcək və son iki tur komanda üçün formal xarakter daşıyacaq.

 

"Vorskla” Ukrayna çempionatının sonuncu turunda səfərdə "Lvov”u 2:0 hesabı ilə məğlub edib. "Qarabağ” isə "Sumqayıt”ı eyni hesabla üstələyib.

 

Avropa Liqası

 

Qrup mərhələsi, IV tur

 

E qrupu

 

00:00. "Vorskla” (Ukrayna) - "Qarabağ” (Azərbaycan)

 

Baş hakim: Sandro Şörer

 

Yan xətt hakimləri: Bekim Zoqay, Ştefan De Almeyda

 

Dördüncü hakim: Raffael Tseder

 

Əlavə köməkçi hakimlər: Alen Byeri və Lukas Fandrix (hamısı İsveçrə)

 

Hakim-inspektor Edqar Ştaynborn (Almaniya)

 

UEFA nümayəndəsi: Klaus Kristensen (Danimarka)

 

Aleksey Butovski adına stadion