• 12:48

Bölgələrdə alça yığımına başlanılıb

19 May 2017, 12:00

Goranboyda alça yığımına başlanılıb. Hazırda bağlarda "göycə-sultan" növü dərilir. Rayonun Xanqərvənd kəndində daha çox becərilən bu alça cari il məhsuldarlığı ilə seçilir. Son 5 ildə salınan bağda ağaclar kiçik boylu olsa da üzərində meyvəsi çoxdur. Sakinlər alçanı əllə yığırlar. Gün ərazində 250-300 kiloqrama yaxın məhsul götürmək mümkündür.  

Goranboyda əsasən "stambul", "qarnıyarıq", "göycə-sultan" alça növləri becərilir. Sonuncu tez yetişən, dadlı olduğundan alıcısı çox, qiyməti də baha olur. Hazırda 1 kiloqram alçanın qiyməti 1 manatdan 3 manata qədər dəyişir.

Təsərüffatçılar su sevən bitkinin ötən ilə nisbətən bu il daha məhsuldar olduğunu bildirirlər. Əsasən yerli bazara çıxarılan alça, iyunun ortalarına qədər dərilir.

Açıq sahələrdə becərilən ağaclar əsasən calaq üsulu ilə artırılır. Təsərüffatçılar bu il məhsulun bol olmasına görə qiymətin ucuz olduğunu deyirlər. Qeyd edək ki,ötən il 1kq alça alıcılara 5-6 manata təklif edilirdi.