• 03:07

Sabunçu rayonu Ramana qəsəbəsinin sakinləri su üzünə həsrət qalıblar

10 Avqust 2017, 14:37

Bakının Sabunçu rayonu ərazisində su problemi sakinləri əməlli-başlı cana yığıb.

 

İnterAz-a müraciət edənlər adıçəkilən rayonun Ramana Südçülük savxozu ərazisi, Elşən Məhərrəmov küçəsi, dalan 7-də məskunlaşan sakinlərdi. Mövzusunu araşdırmaq üçün əraziyə yollandıq və sakinlərin yaşanan problemi ilə maraqlandıq.

 

Sakinlər bildirib ki, havaların da həddin artıq isti keçməsi su problemini qabarıq şəkildə özünü göstərir və artıq bu problemi dözülməz hala çevirib.

 

Sakinlərin sözlərinə görə, onlar məcbur olub qonşu ərazilərdən suyu əllə daşıyırlar. Araşdırmamıza görə, ərazidə yaşayan sakinlərin əksəriyyəti fiziki işlə məşğuldular, bu onların işini bir qədər də çətinləşdirir. Onlar bildirib ki, əraziyə dəfələrlə Su İdarəsinin əməkdaşları gələrək vəd verib, buna baxmayaraq məsələ hələ də həllini tapmayıb.

 

Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Qurumdan kanalımıza açıqlamada bildirildi ki, artıq məsələ nəzarətə götürülüb və qısa müddətdə öz həllini tapacaq.

 

Su aydınlıqdı deyirlər, ümid edirik, Ramana Südçülük savxozu ərazisinin sakinləri tez bir zamanda aydınlığa çıxar.