• 03:09

Sumqayıtda ruhi əsəb dispanserindən qaçan şəxsin axtarışları davam edir

12 Avqust 2017, 12:49

Sumqayıt sakini, 33 yaşlı Nəsirov Nicat Ağahüseyn oğlu müalicə aldığı Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserindən qaçıb.

 

Dispanserdən qaçan Nicat Nəsirovun anası Mehriban Ağayeva İnterAz-a açıqlamasında oğlunun bu vəziyyətə düşməsinə səbəb Rusiyada yaşayan bir qrup erməninin olduğunu bildirib.

 

Müsahibin sözlərinə görə, oğlunun yoxa çıxması xəbərini telefonuna gələn sms-lə bilib. Rusiyanın paytaxtı Moskvada yaşadığı üçün dərhal bilet alaraq Azərbaycana gəlib. Ancaq 10 gündür ki, Nicat Nəsirovdan bir xəbər ala bilmir. Xəstənin anasına oğlunun Xırdalanda, dükana girərkən görüldüyü haqda məlumatı verilib. Həmin vaxtdan oğlundan hələ də xəbər yoxdur.

 

Xanım övladının tapılması istiqamətində lazımı qurumlara müraciət etdiyini deyir, lakin sözlərinə görə, hadisəsən 10 gün keçməsinə baxmayaraq hələ də bir nəticə əldə olunmadığından şikayətlənib.

 

Məsələ ilə bağlı Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanseri ilə əlaqə saxladıq. Dispanserdən şifahi olaraq bildirildi ki,  Nicat Nəsirov avqust ayının 2-si saat 18:30 radələrində xəstəxanadan qaçıb. Belə ki, həmin gün axşam radələrində xəstələr yeməkxanaya aparılıb. Sözügedən xəstə qayıdarkən termosuna çay doldurub geri dönəcəyini bildirib. Bundan sonra xəstəxananın hasarından tullanıb və qaçıb. Nəzarətçi həkimlərin səyi isə bir nəticə verməyib. Dispanserdən o da bildirilib ki,  xəstənin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə yaddaş zəifliyi var və ünvanı , telefon nömrələrini xatırlamaqda çətinlik çəkir.  Həmin vaxtdan axtarışların heç bir nəticə vermədiyini gördükləri üçün dərhal ailəsinə və yaxınlıqda yerləşən Sumqayıt şəhər 4-cü polis bölməsinə müraciət olunub.  

 

Qeyd edək ki, hal-hazırda Nəsirov Nicat Ağa Hüseyn oğlunun axtarışları davam edir.