• 22:56

Bakıda saxta pul hazırlayan şəxs həbs edilib

10 Oktyabr 2017, 13:32

Daxili işlər orqanları saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Belə ki, Səbail Rayon Polis İdarəsinə Bakı şəhər sakini Taleh Xalıqovda saxta pul əskinasları olduğu barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən əməliyyat nəticəsində həmin şəxs Parlament prospektində saxlanılaraq idarəyə gətirilib. Xalıqovun üzərinə baxış zamanı ondan 33 ədəd 100 manatlıq, 8 ədəd 50 manatlıq və 19 ədəd 10 manatlıq saxta əskinaslar aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində saxta pulların bir qismini paytaxtda fəaliyyət göstərən ticarət mərkəzlərində, yanacaqdoldurma məntəqələrində istifadə etdiyini bildirib.

Qeyd edilən faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.