• 09:50

Bərdədə su kanalından çoxlu sayda kəsilmiş atın daxili orqanları və sümükləri aşkar edilib

11 Noyabr 2017, 14:02

Bərdə rayonunun Mirzəxan kəndindən keçən Qarabağ su kanalında çoxlu sayda kəsilmiş atın daxili orqanları və heyvanın digər bədən üzvləri aşkar olunub. Yerli sakinlər artıq neçənci dəfədir ki, belə bir vəziyyətin şahidi olurlar.

Bildirilir ki, naməlum şəxs və ya şəxslər tərəfindən mütəmadi olaraq kəsilmiş atların, daxili orqan və sümükləri doldurulmuş kisələr kanalın kənarına atılır ki, bu da kanalın suyundan istifadə edən əhalinin və heyvanların müxtəlif xəstəliklərə yoluxma ehtimalını artırır. Güman edilir ki, bu hissələr hansısa kolbasa məhsullarının hazırlanma sexində kəsilən heyvanlara aiddir.

Kənd sakinləri bu barədə hələlik heç bir quruma məlumat vermədiklərini bildirirlər. Məsələ ilə bağlı Bərdə rayon baytarlıq İdarəsindən bildirdilər ki, vəziyətdən xəbərsizdilər. İdarə tərəfindən əraziyə baxış keçirilərək əlavə məlumat veriləcək.