• 09:51

Daşkəsən məktəbliləri “Ölkəmizi tanıyaq” aksiyasına qoşulublar

11 Noyabr 2017, 15:40

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi adı altında respublikamızın ayrı-ayrı bölgələri, onların özünəməxsus xüsusiyyətləri ilə daha yaxından tanış olmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrindən olan 9-11- ci sinif şagirdləri üçün ekskursiya turları təşkil olunur.

“Ölkəmizi tanıyaq” maarifləndirici tur layihəsi çərçivəsində növbəti ekskursiya 11-14 noyabr tarixlərində keçirilir. Həmin tur-aksiyaya Daşkəsən məktəbliləri də qoşulub. Onlar Lənkəran-Astara- Masallı marşrutunun iştirakçıları olacaqlar.

Rayonun Heydər Əliyev Mərkəzində təşkil olunan tur-aksiyanın təntənəli yola salma mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, Təhsil Şöbəsinin işçiləri, idarə, müəssisə rəhbərləri, müəllimlər, valideynlər, rayon ictimaiyyəti nümayəndələri və KİV mənsubları iştirak ediblər. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev yolasalma mərasimində çıxış etmişdir. O, çıxışında demişdir: - Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyalar gözəl ənənə halı almışdır. Artıq dördüncü ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11- ci sinif şagirdləri üçün Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyalar təşkil olunur. 2014-cü ildən start verilmiş, ölkəmizin bütün bölgələrinin əhatə olunduğu 7 tur aksiyada bu günədək 13 min 648 məktəbli iştirak etmişdir.

Mərasimdə çıxış edən müəllimlər və valideynlər yaradılmış yüksək şəraitə görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarının bildirərək qeyd etmişlər ki, ölkə rəhbərinin tapşırığı ilə həyata keçirilən belə tur-aksiyalar çərçivəsində şagirdlər ölkəmizin tarixini, adət-ənənələrini, uğurlarını dərindən öyrənmək imkanı qazanırlar.

Bu da yeniyetmələrin sağlam vətənpərvər gənclər kimi yetişmələrində mühüm rol oynayacaqdır. Sonda Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidə kompleksi qarşısına tər gül-çiçək dəstələri düzən 40 nəfər şagirddən ibarət qrup Lənkəran şəhərinə yola düşüblər.