• 09:50

YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib

11 Noyabr 2017, 16:53

Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə Laçın Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə yekun ümumrayon tədbiri keçirilib.

Tədbirdə “Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyində rolu” mövzusunda məruzə dinlənilib. Məruzədə bildirilib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keçməkeçli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə zərurətdən yaranıb.

Tədbirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə rayonun ictimai-siyasi və sosial həyatındakı fəal iştiraklarına görə bir neçə nəfər rayon sakininə Yeni Azərbaycan Partiyasının rayon təşkilatının Fəxri Fərmanları təqdim edilib. Rayonun ümumtəhsil  məktəblərində keçirilmiş inşa yazı müsabiqəsinin, rayonda  keçirilmiş şahmat, mini futbol və cüdo yarışlarının qalibləri Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatı tərəfindən mükafatlandırılıb. Sonda isə Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.