• 19:00

Göygöldə yeni Tarix-Diyarşünaslıq Muzeyi istifadəyə verilib

05 Dekabr 2017, 12:52

Göygöl  rayonunda  yeni   Tarix-Diyarşünaslıq   Muzeyi  istifadəyə  verilib. Yeni  muzey  1819-cu ildə  Göygölə  mühacirət etmiş  almanlar tərəfindən inşa  edilmiş  tarixi  binada  yaradılıb.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi xəbərə görə, mədəniyyət  nazirliyi  tərəfindən  əsaslı şəkildə təmir və bərpa  edilən qədim tarixi  tikili   bütün  lazımi  kommunikasiya xətləri  və  digər müvafiq  avadanlıqlarla təchiz olunub.  Muzeydə  6  şöbə  yaradılıb.   Bu  şöbələrdə  ibtidai icma  quruluşundan  müasir  dövrədək  məişət  əşyalarının  nümunələri, qədim   kurqanlarda aparılan  qazıntılar  zamanı əldə  olunan  saxsı qablar,   qadın bəzək  əşyaları  olmaqla   ümumilikdə  2  mindən artıq   eksponat  nümayiş  etdirilir.

 

Sevda  Məmmədəliyeva – Mədəniyyət və turizm nazirinin müavini bildirib ki, bu il Azərbaycan xalqı  almanların  Azərbaycana gəlişinin 200 illiyini  qeyd edir: "Ötən il, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev  sərəncam imzalayıb. Yeni  mədəniyyət  obyektinin istifadəyə  verilməsi  ölkə  başçısının  milli irsimizin qorunması və təbliğ olunması istiqamətində verdiyi  tapşırıqların tərkib hissəsidif".

 

Almaniya Federativ Respublikasının ölkəmizdəki   fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab jurnalistlərə bildirib ki, Almaniya ilə Azərbaycan  arasında diplomatik əlaqələrin qurulmasının 25,  alman  mühacirlərin  gəlməsinin isə 200 illiyi qeyd edilir:

 

"Bu  muzeyin açılması  hər  iki tərəfin əlaqələrinə töhfə verəcək. Ancaq  biz  yalnız  geriyə baxmalı deyillik,  həm də gələcək üçün birlikdə işləməliyik.  Biz çox şadıq ki,  burada yeni muzey yaradılır,  alman irsi belə qayğı ilə qorunub saxlanılır".

 

Qeyd edək ki, XIX əsrin əvvəllərində  Almaniyanın Vyutenburq knyazlığından   rayona gəlmiş  124  mühacir alman ailəsi  tərəfindən  alman üslubunda 400-dən artıq ev tikilərək 6  küçə salınıb.  Muzeydə almanların  həyat  tərzini əks  etdirən  xüsusi  guşə  fəaliyyət  göstərir.