• 19:01

"Petrofac" və SOCAR birgə müəssisə yaradıb

05 Dekabr 2017, 13:19

OCAR və “Petrofac” birgə müəssisə yaradıblar.

 

İnterAz xəbər verir ki, dekabrın 5-də SOCAR və “Petrofac” ölkənin neft-qaz, neft-kimya sahələrində təlim və tədris istiqamətində kommersiya imkanlarından daha səmərəli yararlanmaq məqsədilə birgə müəssisənin yaradılmasına dair təsis müqaviləsi imzalayıblar. Müqaviləyə əsasən, SOCAR-ın səhm payı 51 faiz, “Petrofac” şirkətinin payı isə 49 faiz nisbətində müəyyən edilib. Müqaviləni SOCAR-ın prezidenti Rövnəq Abdullayev ilə “Petrofac”ın beynəlxalq mühəndislik və istehsalatın təlim xidmətlərinin rəhbəri Karim Osseiran imzalayıblar.

 

Birgə müəssisənin yaradılmasında hər iki şirkətin məqsədi öz imkanlarından istifadə edərək neftçilərin bilik və bacarıqlarının inkişafına dəstək verməkdir. Yeni birgə müəssisə Azərbaycanın enerji sektorunda və digər ölkələrdə həyata keçirilən enerji layihələrində çalışan işçilər üçün sınaqdan çıxmış, daha mükəmməl və müasir proqramlar əsasında təlim və tədris xidmətləri göstərəcək.

 

Qeyd edək ki, son illərdə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi OPITO, IOSH və sair kimi dünyanın tanınmış təşkilatların standartlarına uyğun təlimlər həyata keçirməkdədir. Təlimlərin keçirilməsi üçün zəruri olan yüksək keyfiyyətli avadanlıqları quraşdırmaqla yanaşı, SOCAR son illərdə təklif olunan təlim növlərinin əhatə dairəsini dayanmadan genişləndirir. “Petrofac” birgə müəssisənin fəaliyyətinə öz geniş texniki təlim metodikası və rəqəmsal texnologiyaya əsaslanan unikal təlim qurğularının layihələndirilməsi, tikintisi və istifadəsi sahələrində zəngin təcrübəsi ilə töhfə verəcək. Şirkət, həmçinin akademik təhsil və istehsalat arasında davamlı əlaqələri daha da dərinləşdirmək məqsədilə SƏTƏM, mühəndislik, tikinti, əməliyyat, təmir və qazma sahələrində işçi heyətin bilik, bacarıq və səriştələrinin inkişafı üçün əlavə imkanlar təqdim edəcək.

 

Təlimlərin təşkilində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin infrastrukturundan istifadə olunacaq. SOCAR ölkənin neft-qaz sənayesində həyata keçirdiyi milliləşdirmə təşəbbüsünü diqqətə alaraq yeni birgə müəssisə çərçivəsində müxtəlif layihələrin, o cümlədən şirkətin təlim mərkəzlərinin yaradılması və fəaliyyəti istiqamətində daha əvvəl topladığı təcrübələrini yeni birgə müəssisə çərçivəsində tam tətbiq edə biləcək.

 

SOCAR öz rəqabət qabiliyyətini gücləndirərək beynəlxalq şirkətlərin personalı üçün təlim və sertifikatlaşdırılma xidmətləri həyata keçirmək imkanını əldə edəcək, bununla da sərəncamında olan təlim mərkəzlərinin kommersiya potensialını daha dolğun şəkildə reallaşdıracaq. “Petrofac” şirkəti isə yaradılan birgə müəssisə vasitəsilə Azərbaycanda daha dayanıqlı və səmərəli biznes qurmağa nail olacaq.

 

İmzalanma mərasimində çıxış edən “Petrofac”ın beynəlxalq mühəndislik və istehsalatın təlim xidmətlərinin rəhbəri Karim Osseiran deyib: “Petrofac” şirkətinin SOCAR tərəfindən tərəfdaş seçilməsi bizim üçün qürurvericidir. Birgə müəssisəmizin yaradılması malik olduğumuz səriştəlikləri, lokal bilikləri və geniş potensiallarımızı bir araya gətirəcək. Bununla da peşə təlimləri sahəsində yeni sıçrayış üçün zəmin yaradılacaq və SOCAR-ın milli kadrların yetişdirilməsi proqramının yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək”.

 

SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov qeyd edib: “Bu neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində atılan növbəti addımdır. Təlim və tədris sahəsində xidmətlər göstərən dünya şöhrətli “Petrofac” şirkəti ilə əməkdaşlığın qurulmasının həm SOCAR, həm də ölkə sənayesi üçün uğurlu və faydalı olacağına inanırıq. “SOCAR-Petrofac” birgə müəssisəsi şirkətlərimizin bu sahədə olan potensiallarının daha dolğun şəkildə reallaşmasına səbəb olacaq. Milli kadrların inkişafına xidmət edən birgə müəssisəmizin Azərbaycanda və gələcəkdə bütün regionda kadr potensialının artırılması, eləcə də işçi qüvvəsinə olan tələbatın daha dolğun ödənilməsi baxımından dayanıqlı və uğurlu təşəbbüs olacağına əminik”.

 

Qeyd edək ki, “Petrofac” dünyanın böyük neft və qaz şirkətlərinin servis təminatını həyata keçirən aparıcı beynəlxalq şirkətdir. Şirkət neft və qaz obyektlərinin layihələndirilməsi və tikintisini, fəaliyyətini, istismar və idarə olunmasını həyata keçirir. Eləcə də, işçi heyəti üçün təlimlər təşkil edir, istehsalı gücləndirir, öz xidmət potensialından istifadə edərək, kəşfiyyat, hasilat və infrastruktur layihələrini inkişaf etdirir və birgə sərmayə qoyuluşlarında iştirak edir. “Petrofac” şirkətinin təklif etdiyi xidmətlər müştərilərin neft və qaz sənayesinin dəyər zənciri üzrə bütün tələbatlarını qarşılayır.

 

Təxminən 13 min 500 işçisi olan “Petrofac” Aberdin, Şarca, Abu-Dabi, Uokinq, Çennai, Mumbai və Kuala Lumpurda 7 strateji fəaliyyət mərkəzinə malikdir. Şirkətin dünya üzrə daha 24 ofisi fəaliyyət göstərir. “Petrofac” 12 ildən artıq bir müddətdə (2004-2016) Azərbaycanda BP-nın milliləşdirmə hədəflərinə nail olunmasını dəstəkləyib. Bu müddət ərzində şirkət Orta Şərq, Rusiya və Malayziyada texniki tədris obyektlərinin layihələndirilməsi, tikintisi və idarə olunması üzrə layihələrini də davam edir.

 

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi Böyük Britaniyanın Neft Sənayesi sahəsində Dəniz Təlim Təşkilatı (OPITO) tərəfindən müəyyən edilmiş standartlara əsasən, stolüstü və sahə auditi prosedurlarını müvəffəqiyyətlə başa vuraraq Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim (BOSIET); Batmaqda olan helikopterdən təxliyə üzrə təlim (HUET) və Dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim (FOET) kurslarının keçirilməsi üzrə akkreditasiya edilib. Bununla idarə Xəzər dənizi regionunda təlim xidmətlərinin təminatçısı olaraq OPITO şəbəkəsinin azsaylı üzvlərindən birinə çevrilib. Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi qarşıya qoyduğu Tədbirlər Planına uyğun olaraq, dənizdə neft-qaz platformalarında və qurğularında çalışan işçi heyətinə adı çəkilən təlim kurslarını təşkil edir. Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi həm də Böyük Britaniyanın Əməyin Təhlükəsizliyi və Sağlamlıq İnstitutunun (IOSH) “Təhlükəsiz idarəetmə” üzrə təlim lisenziyasını qazanıb.