• 04:58

Amerika guşəsində Kürdəmir Karyera Gününün açılış mərasimi keçirilib

  • 8
14 Fevral 2018, 10:48

Kürdəmir Rayon Mərkəzi Kitabxanasında fəaliyyət göstərən Amerika guşəsində Kürdəmirdə məskunlaşan və Füzuli rayonundan olan 40 nəfər məcburi köçkün gəncin iştirakı ilə Kürdəmir Karyera Gününün açılış mərasimi keçirilib.

 

Amerikanın Azərbaycandakı səfiri Robert Sekutanın və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin iştirak etdikləri tədbirdə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək, belə bir guşənin fəaliyyət göstərməsinin gənclərin Amerika barədə bilgilərinin artmasına, onların ingilis dilini öyrənmələrinə şərait yaratdığını vurğulayıb.

 

Səfir Robert Sekuta Karyera Gününün gənc iştirakçıları ilə bir araya gələrək onların arzularını öyrənib, güclü gələcək qurmaları üçün ideya və resurslar təklif edib.

 

Sonra 3D printerlər və robotlar kimi ən son texnoloji alətlər nümayiş olunub. Habelə, tələbələr üçün karyera inkişafı resursları və ABŞ-da mübadilə və təhsil imkanları mövzusunda təqdimatlar keçirilib.

 

Robert Sekuta çıxış edərək ABŞ səfirliyinin azərbaycanlılara yeni imkanlar və güclü karyeralar qurmaqda göstərdiyi səylər çərçivəsində ölkəsinin Azərbaycandakı məcburi köçkünlərə olan uzunmüddətli öhdəliyini vurğulayıb. Bildirib ki, 1991-ci ildən ABŞ Azərbaycana 1,3 milyard dollardan çox yardım göstərib, bunun 125 milyon dolları məcburi köçkünlərə ayrılıb.

 

Qeyd edilib ki, Amerika guşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən ən böyük Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərindəki regional Amerika guşələri daxildir. Mərkəz və guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiya layihələrində iştirak etmək imkanları yaradır. Guşələr, həmçinin mühazirələr, danışıq klubları, hər bir icma nümayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlər də təqdim edir.