• 19:48

Bakıda quldur dəstə saxlanılıb

  • 13
14 Aprel 2018, 12:02

Bakı şəhər sakini olan Taleh Həşimov Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verərək aprelin 4-də paytaxtın Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, yeni yaşayış massivində yaşadığı evə gedən zaman 3 nəfər naməlum şəxsin onun qarşısını kəsərək döydüyünü və cibində olan 3000 manat pulun onlar tərəfindən ələ keçirildiyini bildirib.

 

Məlumat Sabunçu Rayon Polis İdarəsinə ötürülən kimi dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat–axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Ceyhun İsmayılov, Murad Əliyev və əvvəllər məhkum olunmuş Həmid Allahverdiyev saxlanılıblar. İlkin ifadələri zamanı onlar törətdikləri cinayəti etiraf ediblər.

 

Araşdırma zamanı məlum olub ki, dəstə üzvü H.Allahverdiyev Sabunçu rayonunda yerləşən kafelərdən birində olan zaman zərərçəkənin cibində külli miqdarda pul olduğunu müşahidə edib. Daha sonra o, bu barədə digərlərinə məlumat verib. Onlar birlikdə zərərçəkənin kafedən çıxıb evə gedən zaman izləyiblər və qeyd edilən ünvanda planlaşdırdıqları cinayəti həyata keçiriblər. Qeyd edək ki, əldə edilən pul dəstə üzvlərinin arasında bölünüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin başqa cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçu RPİ-yə müraciət edə bilərlər.