• 19:01

Bu gün "Məbəs" və Həzrət Məhəmməd (s) peyğəmbər islam dünyasını birləşdirən əsas amildir

  • 101
14 Aprel 2018, 16:04

Bu gün İslam dünyasında “Məbəs” bayramı qeyd edilir.

 

İnterAz islam mənbələrinə istinadən xəbər verir ki, hicri-qəməri tarixinə əsasən, rəcəb ayının 27-sinə təsadüf edən bu gün islam peyğəmbəri Həzrət Məhəmməd ibni Abdullaha ilk dəfə ilahi vəhyin nazil olduğu və onun peyğəmbərliyə seçildiyi gündür.

 

Həzrəti Peyğəmbər Hira mağarasında ibadətlə məşğul olarkən Allahın əmrləri və qanunları vəhy formasında ona bugünkü tarixdə nazil olub. Tarixi hədislərə görə, islam peyğəmbərinə ilk vəhy nazil olan gün onun 40 yaşı olub.

 

“Məbəs” günü ilə bağlı ən maraqlı məqamlardan biri budur ki, yazmağı, oxumağı bacarmayan, müəyyən bir məktəbə, mədrəsəyə getməyən, heç bir şairin, kahinin, keşişin, alimin yanında təlim-təhsil görməyən, ümumiyyətlə, heç bir orta və ali təhsili olmayan bir insan Qurani-kərim kimi qeyb aləmindən, keçmişdən, tarixi hadisələrdən, faktlardan, gələcəkdən, şeirin, ədəbiyyatın, nəzmin incəliklərindən, ictimai qanunlardan, hüquqi vəzifələrdən, məhkəmə sistemindən, ictimai ədalətdən və kamil dünyəvi baxışdan, zülmə qarşı mübarizə hərəkatından, yerin-göyün sirlərindən və aləmlərin rəbbindən və onun sifətləri barədə xəbər verən kitabı bəşəriyyətə təqdim edib.

 

Elə buna görədir ki, müsəlmanlar “Məbəs” gününü bayram etməyi özlərinə borc bilirlər.

 

Bu günün məxsus əməlləri var ki, inanclılar gərək bu fürsəti qaçırmasınlar.

 

Bu gün "Məbəs" və Həzrət Məhəmməd (s) peyğəmbər əslində islam dünyasını birləşdirən əsas amildir. Məhz buna görə, Həzrət Məhəmməd ibni Abdullaha (s) vəhyin gəlməsi və onun peyğəmbər olması müsəlmanlara birlik, firavanlıq, və səadət bəxş etməlidir.