• 17:35

Polad Bülbüloğlu: Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının cəzalandırılmasını tələb etdi

  • 16
11 May 2018, 17:10

Moskvada Azərbaycanın Rusiyadakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin 95 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib.

 

İnterAz xəbər verir ki, tədbirdə tanınmış siyasi və ictimai xadimlər, mədəniyyət və incəsənət xadimləri, o cümlədən Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski, MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedev, RF Dövlət Dumasının MDB məsələləri, Avrasiyaya İnteqrasiya və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov, Dövlət Dumasının deputatı Yelena Drapeko, Rusiyanın Xalq Artisti, teleaparıcı Leonid Yakuboviç, Rusiyanın Əməkdar Rəssamı Nikas Safronov və başqaları iştirak edirdi.

 

Səfirliyin foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi təşkil edilmişdi.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbir iştirakçıları qarşısında çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrləri barədə ətraflı məlumat verdi. O dedi: “Tarixdə elə insanlar olur ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir. Azərbaycan Prezidenti Heydər Əliyev də belə insan idi”.

 

Diplomat deyib: “1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda törətdiyi faciə ilə əlaqədar o vaxt pensiyada olan Heydər Əliyev həmin dövrdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin yerləşdiyi bu binaya gələrək bəyanatla çıxış etdi. Bu hadisələrə ilk olaraq siyasi qiymət verən Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etdi. Analitiklərin çoxu Heydər Əliyevin bu bəyanatını şücaətli bir addım hesab edir, bunu “böyük siyasətə qayıdış” adlandırırlar.

 

Heydər Əliyev yeni Azərbaycanın əsl memarı oldu. O, ölkədə demokratik, hüquqi dövlət quruculuğu yolunu seçdi. Heydər Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadi böhranın qarşısı alındı və beləliklə, bugünkü nailiyyətlərin təməli 1994-1995-ci illərdə qoyuldu.

 

MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedev qəti əmin olduğunu bildirib ki, Heydər Əliyevlə görüşmək imkanı olmuş hər kəsin qəlbində onun barəsində silinməz xatirələr qalıb. 

 

Rusiyanın Xalq Artisti, teleaparıcı Leonid Yakuboviç Heydər Əliyevin bənzərsiz şəxsiyyət olmasını vurğulayaraq dedi: “Əlbəttə, Heydər Əliyev tamamilə fantastik şəxsiyyətdir. Onunla dəfələrlə görüşmüşəm və o, mənə elə güclü təsir bağışlayıb ki, sonra onun bioqrafiyasını öyrənməyə xeyli vaxt sərf etmişəm. O, tarixi miqyaslı şəxsiyyətdir. Mübaliğəsiz deyə bilərəm ki, onu de Qoll və Çörçill ilə müqayisə etmək olar. Mən çox insanlarla görüşmüşəm, lakin bu miqyaslı şəxsiyyətləri barmaqla saya bilərəm. Onun gözlərini hələ də xatırlayıram. Tanrıya şükür edirəm ki, mənə bu insanla söhbət etmək qismət olub”.

 

Azərbaycan xalqının Ümummilli Liderinin 95 illiyi şərəfinə təşkil edilmiş tədbir musiqili proqramla davam edib. Rusiya Böyük Teatrının solisti, Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov, “Qolos” şousunun iştirakçısı Emil Qədirov, Azərbaycanın Əməkdar Artisti Elnarə Məmmədova və pianoçu Nazxanım Dadaşovanın ifasında Heydər Əliyevin xoşladığı əsərlər səslənib.