• 16:18

"Müstəqil Azərbaycanın dayanıqlı gənclər siyasətinin Heydər Əliyev modeli" adlı tədbir keçirilib

  • 37
11 May 2018, 17:52

Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycanın dayanıqlı gənclər siyasətinin Heydər Əliyev modeli” adlı tədbir keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və  idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Millət vəkilləri, Gənclər Fondunun Müşahidə Şurasının üzvləri, gənclər təşkilatlarının nümayəndələri, Gənclər Fondundan qrant qazanmış gənclər və media nümayəndələri iştirak edib.

 

Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, bu gün ölkə həyatında elə bir sahə yoxdur ki, Heydər Əliyevin izi, imzası olmasın: “Təbii ki, həm sosial iqtisadi, həm mədəni, həm siyasi sahələrdə əldə etdiyimiz bütün uğurların, nailiyyətlərin təməlində Heydər Əliyevin müdrik siyasəti və uzaqgörən fəaliyyəti olub. Gənclər siyasəti də Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutur. Ulu öndər gənclərə ata qayğısı ilə xüsusi münasibət göstərib, protokol qaydalarına məhəl qoymadan gənclərimizlə daim səmimi ünsiyyətdə olub, onların sevinc və kədərini bölüşüb, qayğılarına şərik çıxıb. Bu da təbii ki, Heydər Əliyevin gənclərin gözündə ucalmasına səbəb olub”.

 

Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva "Müstəqil Azərbaycanın dayanıqlı gənclər siyasətinin Heydər Əliyev" modeli mövzusunda təqdimatla çıxış edib.

 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Heydər Əliyevin müstəqil Azərbaycanın qurucusu olduğunu bildirib: "Heydər Əliyev hər zaman gənclərə xüsusi diqqət yetirib. və bu siyasət bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Görüş gənclər təşkilatlarının rəhbərlərinin və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondundan qrant qazanmış gənclərin çıxışları ilə davam edib.

 

Tədbir zamanı Gənclər Fondu tərəfindən Heydər Əliyevlə bağlı hazırlanmış film nümayiş olunub.