• 12:28

Azərbaycan ərazisində standartlara cavab verməyən yerlərdə tezliklə ət kəsimi və satışı tamamilə yığışdırılacaq

  • 52
29 Iyun 2018, 17:19

"Yaxın vaxtlarda Azərbaycan ərazisində standartlara cavab verməyən yerlərdə ət kəsimi və satışı tamamilə yığışdırılacaq".

 

İnterAz xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, heyvanın daşınma qaydaları düzgün həyata keçirilməsə, onun bədənində ifraz olunan xüsusi maddələr ətin yararsızlığına səbəb olur: “Küçə və meydanlarda heç bir ekspertiza olmadan kəsim icra olunursa, bu insanların sağlamlığı üçün təhlükə mənbəyidir. Hazırda məsələ ilə bağlı yerli icra orqanları və Daxili İşlər Nazirliyinin müvafiq şöbələri ilə danışıqlar aparılır. İki ay ərzində ölkə başçısına islahatlar paketini təqdim edəcəyik".

 

O vurğulayıb ki, aqrokimyəvi vasitələrin ölkəyə gətirilməsi, qeydiyyata alınması ilə bağlı Nazirlər Kabineti mövcud qərarın üzərində dəyişikliklər həyata keçirir: "Bir neçə nazirlik bu işə nəzarət edəcək. Bunlar Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir".

 

Q.Təhməzli onu da vurğuluyub ki, Qida Təhlükəsizliyi Agentliyinin apardığı məlumatverici monitorinq və audit tədbirləri zamanı bəzi çatışmazlıqlar aşkarlanıb. O, bildirib ki, bəzi dönər satışı məntəqələrində sanitar-gigiyenik normalara əməl olunmur: "Bununla bağlı müvafiq təlimatlar hazırlanıb və həmin yerlərə göndəriləcək".