• 21:41

ƏMDK jurnalistlər üçün info-tur təşkil edib

  • 17
08 Avqust 2018, 15:35

ƏMDK avqustun 8-də “Əmlak idarəçiliyində tam elektronlaşma” mövzusunda mətbuat nümayəndələri üçün info-tur təşkil edib. Məqsəd mətbuat nümayəndələri vasitəsilə vətəndaşlara çağırış etmək və bu elektron xidmətlərdən maksimum istifadəyə dəvət etməkdir.

 

İnterAz xəbər verir ki, komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində keçirilən tədbirdə əmlak idarəçiliyində tətbiq edilən elektron xidmətlər, informasiya sistemlərinin necə çalışması canlı olaraq nümayiş etdirilib, onların iş prinsipi və üstünlükləri ilə bağlı media nümayəndələrinə məlumat verilib.

 

Jurnalistlər komitənin təqdim etdiyi 39 elektron xidmətlə tanış olub, bu xidmətlərdən istifadə qaydalarını canlı izləyiblər.

 

Mərkəzin rəhbəri Anar Nərimanov bildirib ki, həmin xidmətlərin 26-sı daşınmaz əmlakın qeydiyyatı, 11-i dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, 2-si isə daşınmaz əmlakın kadastrı ilə bağlıdır. Bu xidmətlərin 37-si interaktiv, 2-si isə informativ xidmətlərdir. Xidmətlərdən internet üzərindən "E-emdk.gov.az" portalına daxil olmaqla istifadə etmək mümkündür.

 

Belə xidmətlər sayəsində əmlakla bağlı bütün əməliyyatları evdən və ya ofisdən çıxmadan həyata keçirmək mümkündür. 

 

Daşınmaz əmlakın qeydiyyatı prosedurlarını vətəndaşlar üçün sadə və əlçatan edən elektron xidmətlər istifadəyə verilib. 

 

Daşınmaz əmlakın qeydiyyatı ilə yanaşı, özəlləşmə sahəsində də elektron mühit formalaşıb. Hərraclarla bağlı sifarişlər elektron şəkildə yerinə yetirilir. 

 

İnvestorların daha rahat qatılması üçün yaradılan Özəlləşdirmə portalında hərraca çıxarılan əmlaklarla vizual şəkildə tanış olmaq mümkündür. Hazırda portala baxış sayı 2 milyona yaxınlaşıb. Ölkə vətəndaşları ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, İrlandiya, Fransa və Almaniyada portalı izləyənlərin sayı kifayət qədərdir.

 

Komitə tərəfindən daha bir yeni elektron xidmət istifadəyə verilib. Belə ki, “Kadastr kalkulyatoru” vətəndaşların istifadəsindədir. Xidmət bu sahədə baş verə biləcək neqativ halların qarşısını alır, qeyri-leqal xərclərin olmaması ilə bağlı vətəndaşda əminlik yaradır.