• 00:01

İşıq pulu niyə çox gəlir? - "Azərişıq"dan açıqlama

  • 415
08 Avqust 2018, 15:52

Son günlər bir çox abonentlər aylıq elektrik enerjisi sərfiyyatı ilə bağlı "Azərişıq" ASC tərəfindən onlara göndərilən qəbzlərdəki yüksək rəqəmlərdən narahatlıqlarını ifadə edirlər.

 

İnterAz xəbər verir ki, abonentlərdə belə bir rəy yaranıb ki, sözügedən qurum elektrik haqlarını düzgün hesablamır. Səbəb isə odur ki, evlərə göndərilən qəbzlərdə aylıq elektrik sərfiyyatı əvvəlki aylara nisbətən iki dəfə çoxdur. 

 

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev danışıb:

 

"Bu barədə bizə də müraciətlər olunur. İnsanlarda bir qədər inamsızlıq var. Hər bir mənzilin fərdi sayğacı var və abonentlərə göstəriş əsasında bildiriş verilib. Ay ərzində nə qədər elektrik enerjisi istifadə ediblərsə, ona uyğun hesablanıb. Yəni, abonent çox istifadə edibsə çox, az istifadə edibsə az qeydə alınır. Burada bir məqamı da qeyd edim ki, elektrikdən 300 kilovat- saata qədər istifadə 7 qəpikdən ödənilir. 300 kilovatdan artıq olarsa, bu zaman 11 qəpikdən hesablanır. May, iyun ayları sərin keçdiyinə görə, sərfiyyat aşağı olub. Lakin iyul ayının həddindən artıq isti olması səbəbindən evlərdə kondisionerdən istifadə olunub. Maddi durumu aşağı olan insanlar belə kondisioner alıb. Bildiyiniz kimi, kondisionerdən istifadə edərkən elektrik enerjisinin istehlakı artır. İnsanlar ayın sonunda birdən-birə bildirişdəki rəqəmləri görəndə narahat olurlar. Tutaq ki, abonent keçən ay 10 manat ödəmişdi, bu ay isə 20 manat bildiriş gəlir”. 

 

Qurum rəsmisi bildirib ki, abonentlər 300 kilovat-saatı keçdiyindən 11 qəpikdən ödəyirlər. Kiminsə şübhəsi varsa, bizim əməkdaşları dəvət eləsin, fərdi qaydada abonentin sayğacı yoxlanılsın, baxış keçirilsin.