• 10:46

ABAD jurnalistlər üçün media-tur təşkil edib

  • 9
09 Noyabr 2018, 14:06

Dünən vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Qubada “ABAD Factory” İstehsalat Kompleksinə media tur təşkil edilib.

 

İnterAz-ın əməkdaşının iştirak etdiyi media turda məlumat verilib ki, bu ilin oktybarın ayının 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.

 

Media nümayəndələri burada yaradılan şəraitlə tanış olublar.

 

ABAD”ın direktoru Rüfət Elçiyev məlumat verib ki,  “Quba ABAD Factory” İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” qismində istifadəyə verilmiş və uzun illər istismar nəticəsində yararsız vəziyyətdə düşmüşdü. İkimərtəbəli binada “ABAD” publik hüquqi şəxs tərəfindən “Paşa Holding”in dəstəyi ilə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb və müasir avadanlıq quraşdırılıb. Kompleksdə bir dəfəyə 140 kiloqram quru meyvə, istehsal gücü saatda 110 kiloqram olan qənnadı məmulatı və 1200 banka olan kompot, gündəlik min litr süd və 600 kiloqram ət məhsulları istehsal edən 5 sahə fəaliyyət göstərəcək. Kompleksin hər istehsal sahəsində növbəlilik prinsipi əsasında 30 nəfərdən ibarət iki “ABAD”çı ailə çalışacaq. Bununla da 30-dək vətəndaş “ABAD” publik hüquqi şəxsin əməkdaşı kimi işlə təmin ediləcək.

 

Bildirilib ki, “Paşa Holding”in dəstəyi ilə “ABAD” publik hüquqi şəxs tərəfindən həyata keçirilən “ABAD Gastro Village” layihəsi çərçivəsində isə “Quba ABAD Factory”nin önündə “Food truck park”ı yaradılıb. 

 

Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Əsas məqsədi ölkənin sosial-iqtisadi tərəqqisində vətəndaşların fəal iştirakını, kiçik və orta sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını təmin etmək olan “ABAD” rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir, sosialyönümlü layihələrin həyata keçirilməsində birbaşa iştirak edir.