Ayətullah Xamenei: Ölkənin gələcəyi səsləri ilə idarəetmə orqanının rəhbərini seçən millətin əlindədir

Seçki böyük bir nemətdir və xalqımız da bunun dəyərini bilir

  • 131

Bakı, Nazilə Xaqani, İnteraz - 19 May 2017, 10:22

İranda keçirilən prezident seçkilərində İslam inqilabının rəhbəri, Ali dini lider Ayətullah Seyid Əli Xamanei səs verib.

İnterAz “MehrNews”a istinadən xəbər verir ki, Ali dini lider səsvermədən sonra açıqlama verib. Ayətullah Xamenei “Xalqın seçkilərdə iştirak etməsinə görə, uca Allaha həmd olsun. Bu böyük bir nemətdir və xalqımız da bunun dəyərini bilir”, - deyib.

Ayətullah Xamenei İran xalqına seçkilərlə bağlı tövsiyə verib: “Mən mümkün olduğu qədər daha çox iştirakı tövsiyə edirəm. Mənə görə xeyirli bir iş heç gecikmədən dərhal yerinə yetirilməlidir. Mənim qənaətimə görə, prezident seçkiləri çox vacibdir, Çünki ölkənin gələcəyi səsləri ilə idarəetmə orqanının rəhbərini seçən millətin əlindədir.”

Prezident Həsən Ruhani, Ayətullah İbrahim Rəisi, keçmiş vitse-prezident Mustafa Haşimi-Təba və mühafizəkarların namizədi Mustafa Ağa-Mirsəlim prezidentlik uğrunda mübarizə aparır.

Namizədlər ilk turda tələb olunan 50%-lik həddi aşa bilməsələr, bir həftə sonra ən çox səs toplamış iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

Prezident seçkiləri ilə yanaşı ölkənin şəhər şuralarına və parlamentə əlavə seçkilər də keçiriləcək.

Asiya, Avropa və Amerikada iranlılar öz səsvermə hüququndan istifadə edir. Kanada öz ərazisində İran vətəndaşlarının səsverməsinə icazə verməyib.