Bu gün Asiyada nəhəng bank yaradıldı

Çinin rəhbərliyilə Asiya İnfrastruktur İnvestisiya Bankının yaradılması barədə memorandum imzalanıb

Bakı, Ramik Cəfərzadə, , İnteraz - 24 Oktyabr 2014, 15:35

Asiya qitəsinin 21 ölkəsi nəhəng investisiya bankının yaradılması məqsədilə memorandum imzalayıblar.

 

İnterAz-ın məlumatına görə, Asiya ölkələrinin infrastruktur baxımdan inkişafına yönəlmiş bankın əsas sərmayədarı Çindir.

 

Asiya İnfrastruktur İnvestisiya bankı (AİİB) adlanan tarixi müqavilə bu gün Çin paytaxtındakı Xalqların böyük zalında təşkil edilən təntənəli mərasim zamanı imzalanıb.

 

Məlumata görə, ilkin olaraq 50 milyard dollar kapital ehtiyatına malik bank Asiya ölkələrində əsasən, bəndlərin, limanların, elektrik stansiyalarının və telekommunikasiya sistemlərinin inşası üçün investisiya ayıracaq.

 

Bildirək ki, müqaviləni imzalayan ölkələr arasında regionun iqtisadi güclərindən olan Hindistanla yanaşı kiçik amma sürətli inkişaf edən Sinqapur və Vyetnam da olub. ABŞ-ın müttəfiqləri olan Yaponiya, Cənubi Koreya və Avstraliya bu müqavilədə iştirak etməyib.

 

Sinqapurun maliyyə naziri bildirib ki, memoranduma əsasən gələn ay bankın yaradılması üçün zəruri detallar müzakirə olunacaq.