Nazirlər Kabinetinin rəsmisindən Lütfüzadəyə həqarət - “O fındıqbaş kişi...

Akif Əli: “Nə deməliydim, balqabaqbaş? Kimsə kimisə qəbul edir, bu, onun şəxsi işidir”

Baku, Oktay Quliyev, İnteraz - 08 Sentyabr 2017, 12:52

Azərbaycanlı alim Lütfi Zadənin artıq Azərbaycanda dəfn olunacağı dəqiqləşib. Onun ailəsi və yaxınları 10 gün müddətinə nəşin ölkəyə gətiriləcəyini bildirib. Alimin hansı məkanda dəfn olunacağı isə hələlik müəyyənləşməyib.

İnterAz "İslaminSesi"-nə istinadən xəbər verir ki, bu suala cavab tapmaq üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əliyə müraciət edib. Amma rəsmi dövlət qurumunun təmsilçisinin suala cavabı sözün həqiqi mənasında redaksiyanı şoka salıb. Akif Əlinin cavabını oxucularımıza da təqdim edirik:

“Səhər-səhər ölü xəbərləri ilə məni narahat etməyin. Belə xəbərlər mənə pis təsir edir. Bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, maraqlanmıram. O fındıqbaş kişi məni maraqlandırmır. Xahiş edirəm, səhər-səhər məndən belə şeylər soruşmayın. Yaxşı şeylər danışaq ki, günümüz yaxşı keçsin”.

Xatırladaq ki, Lütfi Zadənin vəfatı ilə bağlı ötən gün ölkə prezidenti və dövlət rəhbərliyi onun yaxınlarına rəsmi başsağlığı verib.

Yenicag.az saytı məsələ ilə bağlı adıçəkilən şəxslə  növbti dəfə əlaqə saxlayıb. Akif Əli açıqlamasında görkəmli alim barədə bu dəfə daha sərt ifadə səsləndirib:

“O sual mənə aid deyildi. Nə deməliydim, balqabaqbaş? Kimsə kimisə qəbul edir, bu, onun şəxsi işidir. İş başlamamış mənə zəng vurub, sual veriblər. Onun alimliyinin mənə dəxli var? İndi baxacam, görüm nə yazılıb? Kim nə istəyir desin. Oğurluq etməmişəm, pul oğurlamamışam, cinayət törətməmişəm, dövləti satmamışam. Bu, mənim şəxsi fikrimdir”, deyə qurum rəsmisi bildirib.