İsrail Livan və Suriya ilə savaşa hazırlaşır

Müdafiə naziri Liberman: “Gedişat nə olursa olsun, Suriya və Livan birlikdə tək müharibə meydanı olacaq”

Bakı, Kənan Rövşənoğlu, İnteraz - 11 Oktyabr 2017, 00:00

İsrail yeni savaşa başlaya bilər. Bu barədə ölkənin müdafiə naziri Aviqdor Liberman məlumat verib. Liberman deyib ki, ölkənin şimalında müharibə başlayacağı təqdirdə İsrail eyni anda Suriya və Livana qarşı müharibə edəcək.

Liberman deyib ki, İsrail “var gücü ilə” müharibənin qarşısını almağa çalışır. Ancaq əlavə edib ki, yeni Yaxın Şərq şərtlərində mühribə hər zaman başlaya bilər. İsraildə Sukot bayramı münasibətilə hərbçilərlə görüşən Liberman hərbçiləri “hər cür senarilərə hazır olmağa” çağırıb. Sitat: “Yeni şərtlər və problemlər yaranır. Bir zamanlar əsas mövzu olan Livan cəbhəsi indi aktual deyil. Şimal istiqaməti var, gedişat nə olursa olsun, Suriya və Livan birlikdə tək müharibə meydanı olacaq. Qarşımızda Hizbullah, Əsəd rejimi və onun müttəfiqləri var” – deyə Liberman yeni müharibədəki hədəfləri göstərib.

Liberman deyib ki, bu dəfəki savaşda 2006-cə ildə olduğu kimi yalnız Hizbullahla deyil, eyni zamanda Livan ordusu ilə də vuruşmalı olacaqlar. İsrail müdafiə naziri deyib ki, Livan ordusu üzərində Hicbullahın gücü təsiri var.

 

Qeyd edək ki, son zamanlar Suriyada hökumət qüvvələrinin radikal silahlıları ardıcıl olaraq zərbələr endirməsi müşahidə olunur. Cənuba doğru irəliləyən hökumət qüvvələrinin burada yerləşmiş silahlılarla toqquşması qaçılmaz olacaq. Savaşın bu şəkildə başa çatması və Bəşər Əsədin qalib olması Təl-Əvivin maraqlarına cavab vermir. Vaxtaşırı Hizbullah və Suriya ordusu mövqelərini bombalamaqla mövqelərini zəiflətməyə çalışan İsrail ordusunun Suriyaya və Livana hərbi müdaxilə edəcəyi haqda xəbərlər dövriyyəyə buraxılır. Yeni savaş İsrail üçün ciddi risk daşısa da, görünən odur ki, “şahinlər” alternativ yol görmürlər, daxili müharibə bitməmiş Hizbullah və Suriya hökuməti ilə “hesabşalmağı” düşünürlər.