Ankara və Vaşinqton arasında yüksək səviyyəli təmas

Viza böhranından sonra ilk dəfə Çavuşoğlu və Tillerson arasında telefon danışığı olub

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Oktyabr 2017, 20:50

Türkiyə və ABŞ arasında viza böhranından sonra ilk yüksək səviyyəli danışıqlar baş tutub. Türkiyə mediasının məlumatına görə, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

Türkiyə vaxtı ilə 17.30-da başlayan telefon danışğı 30 dəqiqə davam edib. ABŞ və Türkiyənin bir-birinə qarşı viza məhdudiyyəti tətbiq etməsi qərarı ilə başlayan Ankara-Vaşinqton böhranından sonra xarici siyasət idarələrinin rəhbərləri arasında baş tutan danışıqlarda əsas mövzu viza məhdudiyyəti qərarı olub. Türkiyə XİN telefon danışıqları ilə bağlı detallı açıqlama verməyib.

 

Xatırladaq ki, ötən həftə əvvəlcə ABŞ hökuməti Türkiyə ərazisindəki diplomatik nümayəndəliklərinin Türkiyə vətəndaşlarına mühacir vizaları istisna olmaqla digər növ viza müraciətlərinə baxılmasını dayandırıb. Buna səbəb kimi, İstanbuldakı ABŞ Baş Konsulluğunun türkiyəli əməkdaşının həbs olunması göstərilib. Ardınca Türkiyə hökuməti analoji addımı ataraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.