Türkiyəni daxildən və xaricdən mühasirəyə almağa çalışırlar – Ərdoğan

Türkiyənin məzlum və zərərçəkmişlər üçün ümid olması, haqsızlıqlar, hüquqsuzluqlar qarşısında səsini yüksəltməsi müəyyən qrupların narahatlığına səbəb olur

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 15:04

Türkiyəni daxildən və xaricdən mühasirəyə almağa çalışırlar.

İnterAz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyəni boyunduruq altına almaq istəyirlər: “Keçmiş Türkiyəyə alışanlar, iddialı, vizyoner və güclü bir ölkəni, güclü bir Türkiyəni həzm edə bilmirlər.”

Ərdoğan qeyd edib ki, Türkiyənin məzlum və zərərçəkmişlər üçün ümid olması, haqsızlıqlar, hüquqsuzluqlar qarşısında səsini yüksəltməsi müəyyən qrupların narahatlığına səbəb olur.

“Türkiyə özünə gəldikcə, gücünün fərqinə vardıqca, təzyiqlərə baş əymədikcə bəziləri nə edəcəklərini bilmir. Çünki güclü Türkiyə, məzlumlara sahib çıxan Türkiyə deməkdir. Müstəqil Türkiyə, ona verilən rolu sorğu-sualsız qəbul etməyən ölkə deməkdir. Hamısından vacibi belə bir Türkiyə ölkələrə nümunə olan, onlara ümid olan ölkə deməkdir”, - Ərdoğan qeyd edib.