Həmas və Fəth arasında Qahirə anlaşması imzalanıb

10 illik düşmənçilikdən sonra Fələstinin iki əsas təşkilatı barışıb, 1967-ci il sərhədləri daxilində dövlət yaradılmasına çalışacaqlar

Bakı, Kənan Rövşənoğlu, İnteraz - 12 Oktyabr 2017, 20:24

Fələstinin Həmas və Fəth təşkilatları arasında anlaşma əldə olunub. Hər iki təşkilatın nümayəndələri Misirin paytaxtı Qahirədə uzun sürən danışıqlardan sonra razılaşa biliblər. Bununla da 2007-ci ildə Qəzza toqquşması ilə başlayan düşmənçiliyə son qoyulub.

Ərəb mediasının məlumatına görə, razılaşmaya əsasən dekabrın 1-dək Qəzza zolağında hakimiyyət Milli Konsensus Hökumətinə təhvil veriləcək. Artıq Fələstin lideri Mahmud Abbasın Qəzzaya gedəcəyi ilə bağlı xəbərlər yayılıb. Bununla da faktiki olaraq Fələstinin bölünməsinə son qoyulub. Bundan başqa anlaşmada Misir hökumətinin Fələstindəki bölünmənin aradan qaldırmaq üçün 2011-ci il mayın 4-də Qahirə Anlaşmasını imzalayan tərəfləri 2017-ci il noyabrın 21-də Qahirədə növbəti toplantıya dəvət edir. Bundan başqa Fələstin Milli Konsensus hökuməti də anlaşmanı dəstəkləyib. Razılaşmanı Həmas nümayəndəsi Saleh əl-Aruri, Fəth Hərəkatından isə Azzam əl-Əhməd imzalayıb.

Xatırladaq ki, Həmas və Fəth arasında gərginlik 2006-cı ilə parlament seçkilərindən sonra yaranıb. Həmin vaxt səslərin 60 faizdən çoxunu qazanan Həmas hökuməti formalaşdırmaq istəsə də, Fələstin dövlət başçısı Mahmud Abbas Həmasın Qərb ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınması və Fələstinə embarqo qoyula biləcəyini əsas gətirərək hökumət formalaşdırmaq hüququnu Həmasa verməyib. Bundan sonra Həmas müstəqil şəkildə hökumət formalaşdırıb. Yaranmış gərginlik 2007-ci ilin iyununda Qəzza zoolağında nəzarətin Həmasın əlinə keçməsi ilə nəticələnib. Bununla da Qəzzada Həmas hökuməti, Ramallahda isə Fəth Hərəkatının formalaşdırdığı hökumət fəaliyyət göstərməyə başlayıb.

Misir hökumətinin başlatdığı barışıq danışıqları uzun müddət davam edib və nəticədə Mili Konsesnsus Hökumətinin qurulması razılaşdırılıb. Bu ilin yazında isə Həmas Hərəkatı İsraillə danışıqları da istisna etməyən yeni siyasi doktrina qəbul edib. Hazırkı danışıqlar da Misirin vasitəçiliyi ilə milli birlik hökumətinin qurulması və 1967-ci il sərhədləri daxilində birləşmiş Fələstin dövlətinin qurulması istiqamətlənib.

 

Bu hadisə Yaxın Şərqdə Misirin nüfuzunun artmasına işarədir. Uzun müddət inqilab və daha sonra baş verən çevriliş nəticəsində kölgədə qalan Qahirə artıq siyasi proseslərdə aktivlik nümayiş etdirməyə başlayıb. Fələstin Konsensus Hökumətinin qurulması Misirin diplomatik qələbəsi və nüfuzunun artması deməkdir.