Bağdad və Ərbil arasında “əsəb müharibəsi” - analiz

İraqda referendum sonrası gərginlik davam edir, Bərzani danışıqlar və güzəşt tələb edir, Bağdad isə səbirlidir

Bakı, Kənan Rövşənoğlu, İnteraz - 13 Oktyabr 2017, 00:41

İraqın baş naziri Heydər Abadi bildirib ki, kürd administrasiyası ilə danışıqların əsas şərti İraqın ərazi bütövlüyü, birliyi və bölünməzliyinin tanınmasıdır. Baş nazir bildirib ki, bu mövzuda hər hansı müzakirə və ya vasitəçiliyə ehtiyacı yoxdur.

Ancaq eyni zamanda oktyabrın 12-də İraq mediasında hökumətin kürd bölgəsinə 50 min nəfərlik ordu göndərməsi haqqında xəbərlər yayılıb. Və elə həmin gün Ənbar əyalətində asayişin qorunması ilə bağlı genişləndirilmiş toplantıda çıxış edən baş nazir Abadi deyib ki, Bağdadın kürdlərə qarşı silahdan istifadə etmək fikri yoxdur. Əlavə edib ki, onların məqsədi savaşmaq deyil, Konstitusiyanı mühafizə etməkdir. O hökumət öz xalqına qarşı ordudan istifadə etmək fikrində olmadığını da əlavə edib.

Ancaq kürd muxtariyyəti rəsmiləri iki gün əvvəldən başlayaraq İraq hökumət qüvvələrinin Kərkük şəhərinin cənub və qərb bölgəsi, eləcə də Mosul şəhərinin şimalında hücum hazırılığı apardığı haqda məlumat veriblər. Bu arada Səudiyyə Ərəbistanı “Vətən” qəzeti də ABŞ-ın Türkiyə, İran və İraqa kürd muxtariyyətinə hücumla bağlı xəbərdarlıq etdiyini yazıb. Qəzetin yazdığına görə, Vaşinqton xəbərdarlıq edib ki, belə bir hücum cəhdi olarsa ABŞ ordusu bu hücumun qarşısını almağa çalışacaq.

Xatırladaq ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib. Eyni zamanda Bağdad Ərbilə uşaları qadağan edib, muxtariyyətin hava nəqliyyatı iflic olub. Bundan başqa Türkiyə və İraq ordusu sərhəddə təlimlərə başlayıb.

Türkiyə və İran Ərbilə təzyiq göstərməklə bağlı anlaşsalar da, müşahidəçilər iki qonşu ölkənin kürd muxtariyyəti ərazisinə hücum edəcəyini istisna edirlər. Baxmayaraq ki, İran ordusu referenduma bir gün qalmış sərhəd bölgələrini top atəşinə tutmuşdu. Ancaq kürdlərə qarşı böyük müharibə bölgədə digər ölkələri də hərəkətləndirəcək, o cümlədən ABŞ-ın kürdləri müdafiəsiz buraxması da mümkünsüz görünür. Bu səbəbdən Ankara və Tehran Ərbilə təzyiq göstərmək, sərhədləri bağlamaq, enerji və ticarət tərəfdaşlığını dayandırmaqla Bərzanini təslim etməyə çalışırlar. Nəzərlər indi əsas etibarı ilə Bağdadın üzərindədir.

Məsələ ondadır ki, İraq dövləti 1970-ci ildə şimali İraqda kürd muxtariyyətinin qurulmasına razılıq verib. Kürd muxtariyyəti İraqın Konstitusiyasında yer alıb. 2003-cü il Amerika işğalından sonra isə İraq Kürdüstanı faktiki müstəqil dövlətə çevrilib. Prezidenti, baş naziri, parlamenti, polisi, ordusu və hökuməti olan bir dövlət. Faktiki olaraq son 14 ildə Kürdüstan bu şəkildə idarə olunub və bu reallığı artıq yalnız bölünüb pərişan olmuş İraq deyil, həm də Türkiyə və İran kimi qüdrətli qonşular da qəbul edib.

Ancaq istənilən halda kürdlər formal olaraq hüquqi cəhətdən İraqın bir parçasıdır. Daxildə müstəqil olsalar da, vahid İraqın bir hissəsidirlər. Müstəqillik isə təkcə İraq üçün deyil, eləcə də bölgə üçün yeni və çox təhlükəli bir situasiya deməkdir. Nəzərə alsaq ki, Yaxın Şərq başdan-başa müharibə və münaqişə meydançasına çevrilib və üstəlik bölgə ölkələrinin əksəriyyətinin etnik və məzhəbi münaqişə ocağı var, o zaman İraqın bölünməsinin təsiri barədə xüsusi danışmağa gərək yoxdur. Kürd dövlətinin müstəqilliyindən ən çox narahat olan təbii ki, regionun kürdlər yaşayan 4 ölkəsidir: Türkiyə, İran, İraq və Suriya. Artıq İraq və Suriyada faktiki olaraq kürd muxtariyyətləri var. İraq kürdlərinin dövlət qurmaq həvəsləri avtomatik olaraq Türkiyədə və İrandakı kürd separatçılarını da hərəkətə gətirəcək. Nəzərə alsaq ki, bu iki ölkədə separatizmin və daxili münaqişələrin olmasında maraqlı olan çoxlu saylı güclər var, o zaman Tehran və Ankaranın əndişəsini anlamaq üçün dərin analizə gərək qalmır. Ancaq qeyd etdiyimiz kimi, xarici müdaxilə indi demək olar ki, mümkün deyil. Kürdləri sakitləşdirə biləcək yeganə qüvvə İraq mərkəzi hökumətidir.

İraq rəhbərliyi isə hələlik təmkinlidir. Aydın məsələdir ki, Bərzani də yaxşı bilir ki, İraq mərkəzi hökumətinin qəbul etmədiyi, parlamentin qarşı çıxdığı və BMT-nin tanımadığı müstəqillik elanının onlara faktiki olaraq heç bir faydası olmayacaq. Qonşu ölkələrin bir balaca təzyiqi lazımdır ki, kürd muxtariyyəti adlanan qurum dağılsın. Ancaq Bərzaninin öz hesabları var. Noyabrda prezident seçkilərinə gedən Bərzani seçki öncəsi həm əlini gücləndirdi, həm də daxildə toparlanma yarada bildi. Digər tərəfdən, indi Bərzaninin əlində referendum kartı var və bununla bazarlıq etməyə çalışır. Ancaq indi heç kim Bərzaniyə istədiyini vermək fikrində deyil. Bu səbəbdən də necə deyərlər, hələlik əsəb müharibəsi davam edir. Bərzaninin itirəcəyi bir şey yoxdur, bu səbəbdən də son ana qədər bazarlıq etmək, referenduma görə güzəştlər almağa çalışacaq.

İraq hökuməti isə Bərzanini referendum nəticələrini ləğv etməsi üçün təzyiq rıçaqlarını bir-bir işə salır. Bağdadın bu mövzuda Bərzani ilə danışıqlara getməsi prosesi uduzmaqdır. Çünki kürdlər 1970-ci il Konstitusiyasında nəzərdə tutulan 40 min kv.km-lik ərazi ilə kifayətlənməyib. Hazırda Bərzani hökuməti İraqın 61 min kv.km ərazisinə nəzarət edir. Bərzaninin Bağdadla danışıqlara getməsi həm də bu torpaqların taleyini sual altına qoyur. Bu səbəbdən də kürd lideri inadla Bağdadı danışqılar masasına çəkmək, referenduma görə hansısa güzəştlər qoparmağa çalışır. Bağdad isə səbrlidir, Bərzaniyə güzəşt etməyəcəyinin mesajını verir.