Sabah İmam Hüseyn (ə.s)-ın Ərbəinidir

Sabah hicri-qəməri təqvimi ilə səfər ayının 20-si İmam Hüseyn (ə.s)-ın Ərbəinidir

Baku, Oktay Quliyev, İnteraz - 08 Noyabr 2017, 16:49

Müsəlman dünyası İmam Hüseyn (ə.s) və Kərbəla şəhidlərinin ərbəin (40-cı) gününü qeyd edir.

İnterAz-ın məlumatına görə, Ərbəin günü (İmam Hüseynin şəhadətinin 40-ci günü) müsəlmanlar üçün önəmli günlərdən hesab olunur. Bu gündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və “Ərbəin ziyarətnaməsi” oxumaq böyük savaba malikdir. Ərbəin günüdə  Kərbəlada şəhid olan İmam Hüseyn (ə.s) və 72 tərəfdarı yad edilir, xüsusi mərasimlər keçirilir. İmam Hüseynin müqəddəs məzarı ilk dəfə də məhz Ərbəin günündə ziyarət edilib. Ərbəin günündə dünyada ən böyük anma mərasimləri keçirilir. Hər il dünyanın müxtəlif ölkələrindən milyonlarla insan İraqın Kərbəla şəhərinə gedərək İmam Hüseyn (ə.s)-ın məzarını ziyarət edirlər.

Kərbəla şəhidlərinin matəm mərasimi ərbəin günündən sonra başa çatsa da, səfər ayının sonuna qədər toy və şadlıq etməmək məsləhət edilir. Belə ki, səfər ayının 28-də Həzrət Muhəmməd (s)-in vəfatı və İmam Həsən (ə.s)-ın şəhadəti, səfət ayının 29-da isə İmam Rza (ə.s)-ın şəhadət günü qeyd edilir. Müsəlmanlar üçün müqəddəs olan bu İlahi şəxslərə ehtiram əlaməti olaraq şadlıqdan çəkinmək məsləhətdir.

Qeyd edək ki, bu il səfər ayı noyabrın 19-u bitir.