Noyabrın 14-ü İranda matəm günü elan olunub

Zəlzələ nəticəsində baş verən insan tələfatı səbəbilə noyabrın 14-də İranın bütün ərazisində milli matəm günü elan olunub

Bakı, Kənan Rövşənoğlu, İnteraz - 14 Noyabr 2017, 00:20

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Nazirlər Kabineti bəyanat yayaraq ölkənin qərbində baş vermiş zəlzələ ilə əlaqədar ölənlərin ailələrinə başsağlığı verib və 14 noyabrı ölkədə  matəm günü elan edib.

 

İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli  deyib ki,  bütün imkanlar ölkənin qərb əyalətində baş vermiş zəlzələdən əziyyət çəkən əhaliyə yardım üçün səfərbər olunub.  Ə.Rəhmani Fəzli  itkin düşmüş şəxslərin tapılması istiqamətində işlərin sürətləndirilməsinin zəruriliyini vurğulayıb.

 

O deyib ki,  hadisə yerinə içməli su, qida və çadır çatdırılması üçün müvafiq tədbirlər həyata keçirilib. Kermanşah əyalətində su və elektrik enerjisinin verilməsi bərpa olunub. Əyalətdə baş vermiş zəlzələ 7 şəhər və 1930 kəndə ziyan vurub. İlkin hesablamalara görə,  zəlzələnin əyalətə vurduğu zərər 290 milyon dollar  təşkil edir. Bundan öncə Kermanşah əyalətində 3 günlük matəm elan olunub.

 

 

Xatırladaq ki,  İraq-İraq sərhədində dünən axşam baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 445 nəfərə çatıb.