Həririnin istefası beynəlxalq böhrana çevrilir - analiz

Fransa prezidenti Səudiyyə Ərəbistanına vaxt verdi, çərşənbə günü Həriri Beyruta qayıtmasa, məsələ BMT TŞ iclasına çıxarılacaq

Bakı, Kənan Rövşənoğlu, İnteraz - 14 Noyabr 2017, 22:49

Xəbər verdiyimiz kimi, bu günlərdə Fransa prezidenti gözlənilmədən Səudiyyə Ərəbistanına səfər edib. BƏƏ-dən geri qayıdan Emmanuel Makron proqrama daxil olmadğı halda Ərəbistana səfər edib. Ər-Riyadda Səudiyyə rəsmiləri ilə görüşən Makronun noyabrın 4-də istefa vermiş Livan baş naziri Saad Həriri ilə görüşdüyü haqda xəbər yayılıb. Bu görüşdən sonra Fransa XİN rəhbəri Həririnin ər-Riyadda zorla saxlanılmadığını bəyan edib.

Ancaq Livanın “əl-Əxbar” qəzeti yazıb ki, Parisə qayıtdıqdan sonra Makronun BMT baş katibi Antonio Qutteres ilə telefonla danışıb. Telefon söhbəti zamanı Makron Həririnin istefası ilə bağlı BMT baş katibinə məlumat verib.

Yelisey sarayından yüksək rütbəli bir məmur isə xarici media nümayəndələrinə deyib ki, çərşənbə gününə qədər Saad Həriri Livana qayıtmayacağı təqdirdə, Livan mövzusu BMT TŞ-nin iclasında ciddi şəkildə müzakirə olunacaq.

Qəzet yazıb ki, Makron və Qutteres arasında danışıqlar zamanı BMT çərçivəsində atılacaq addımlar müzakirə olunub. Eyni zamanda iki mümkün variant qərarlaşdırılıb. Birinci ehtimal ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı çərşənbə gününə qədər Həririni azad edər və o ölkəsinə dönərək istefasını rəsmiləşdirər və ya vəzifəsinə davam edər.

İkinci ehtimal Livan baş naziri Cubran Basilin bir neçə Avropa ölkəsinə səfəri zamanı gətirdiyi mesajlardan ibarətdir. Bu təkliflərdə isə Livan prezidentinin beynəlxalq qanunlar səviyyəsində Səudiyyə Ərəbistanına qarşı atılacaq addımları yer alır.

Qeyd edək ki, rəsmi Paris bəyan edib ki, qanunlara uyğun şəkildə istefa proseduru yerinə yetirilmədiyi üçün Həririni hələ də vəzifədə olan baş nazir kimi qəbul edir. Bu məlumatların sürətlə yayılması Livan baş nazirinin Səudiyyə Ərəbistanında zorla saxlanılması ilə bağlı ehtimalları gücləndirir. Qeyd edək ki, bu barədə Hizbullah lideri də bir neçə gün əvvəl açıqlama verib. Prezident Mişel Aun isə Həririnin Livan qanunlarına uyğun şəkildə istefa məktubunu prezidentə təqdim etməli olduğunu bəyan edib. Mişel Aun ər-Riyada müraciət edərək Həririni geri tələb edib. Ötən gün ər-Riyadda müsahibə verən Həriri isə özü ilə bağlı şübhələri bir qədər də artırıb. Həriri müsahibə zamanı həyəcanlı olub və başı üzərindən səudiyyəli mühafizəçilər əksik olmayıb. Bbu isə onun girov olması ilə bağlı iddiaları gücləndirib. Hətta eks-baş nazirin üzərində internetə bağlana bilən smartfon belə olmayıb.

Fransanın işə qarışması onu göstərir ki, Avropa ölkələri Livanda yeni münaqişə ocağının yaradılması cəhdindənxəbərdardır və beynəlxalq təzyiq vasitəslərindən istifadə edərək bu təxribatın qarışsını almağa çalışır. Çünki belə görünür ki, Livanda gərginliyin böyüməsi, siyasi böhranın yaranması Səudiyyə Ərəbistanının maraqlarına cavab verir və bu plana ər-Riyadda daxildir. Livanda yeni münaqişədən daha maraqlı ola biləcək ikinci ölkə İsraildir. İsrail rəsmiləri açıq şəkildə bu böhranı körükləməyə çalışırlar.

 

Eyni zamanda Səudiyyə Ərəbistanında baş verən proseslərə açıq dəstək verən tramp administrasiyası da ən azından ər-Riyadın yanında dayandığını göstərir. Ancaq görünən odur ki, Avropa bu layihədən kənardadır və Yaxın Şərqdə daha bir münaqişə ocağının yaranmasında maraqlı deyil. Və bunun qarışsını almağa çalışır. Hər şey sabah məlum olacaq. Əgər Səudiyyə rəsmiləri Həririni sabah sağ-salamat Beyruta göndərsələr və hər şey sakit şəkildə başa çatsa Livana qarşı təxribat planının alınmadığını demək olar. Ancaq əks təqdirdə, böhranın daha da dərinləşəcəyini gözləmək lazımdır.