Putin seçki qərarını açıqladı

Rusiyanın hazırkı prezidenti bildirib ki, 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində iştirak edəcək

Bakı, Kənan Rövşənoğlu, İnteraz - 06 Dekabr 2017, 20:12

Rusiyanın hazırkı prezidenti Vladimir Putin 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qatılacaq. “Sputnik” xəbər verir ki, bu barədə o, Nijni Novqorod şəhərində yerləşən QAZ avtomobil zavodunda işçilərlə görüşəndə açıqlama verib. Putin deyib ki, 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qatılıb prezidentlik üçün yarışacaq.

Qeyd edək ki, Putin bundan əvvəl 2000-2008-ci illərdə Rusiya prezidenti postunu tutub. Bundan sonrakı 4 il ərzində prezident postunu Medvedyev tutub, Putin isə baş nazir vəzifəsində çalışıb.

2012-ci ildə keçirilən seçkilərdə Putin növbəti dəfə Rusiyanın prezidenti seçilib. Qeyd edək ki, Rusiya Konstitusiyasında edilən dəyişikliklərə əsasən hazırda prezidentlik müddəti 6 ildir və Putin artıq birinci dönəmini başa vurur və daha bir dəfə də seçilmək haqqı var.

 

Yeri gəlmişkən, hazırda Putin Rusiyada siyasi liderlər arasında ən çox nüfuza malikdir. Son anket sorğularına əsasən seçicilərin 82 faizi hazırkı dövlət başçısını dəstəkləyir.