Səudiyyə Ərəbistanından ABŞ-a reaksiya: Haqsız və məsuliyyətsiz bir qərardır

Kral Salman Qüdsün mövqeyi və Aqsa məscidinin müsəlmanların ilk qibləsi olmasına görə belə bir “təhlükəli addımın” dünyadakı bütün müsəlman xalqlara təsir edəcəyini vurğulamışdı

Bakı, Nazilə Xaqani, İnteraz - 07 Dekabr 2017, 12:21

Krallıq ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarından dərin kədər hissi keçirir. Krallıq daha əvvəl belə haqsız və məsuliyyətsiz bir qərarın ciddi nəticələri olacağı ilə bağlı xəbərdarlıq etmişdi. 

 

İnterAz “SPA”ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı tanıması ilə əlaqədar Səudiyyə Ərəbistanı krallığının açıqlamasında deyilir. 

 

Kral Salman bir neçə gün əvvəl telefonla danışdığı zaman Trampa Qüdsün statusu ilə bağlı hər hansı bir dəyişikliyin sülh müzakirələrinə zərər verəcəyi və bölgədə gərginliyi artıracağı ilə bağlı xəbərdarlıq etmişdi. 

 

Kral Salman Qüdsün mövqeyi və Aqsa məscidinin müsəlmanların ilk qibləsi olmasına görə belə bir “təhlükəli addımın” dünyadakı bütün müsəlman xalqlara təsir edəcəyini vurğulamışdı. 

 

Bundan başqa İraq hökuməti də ABŞ-ın qəbul etdiyi qərardan imtina etməsini tələb edib. Bağdad qərarın bölgə və dünyanın sabitliyi ilə əlaqədar təhlükəli nəticələrə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib: “ABŞ rəhbərliyi ekstremizmi alovlandıracaq və terrora əlverişli vəziyyət yarada biləcək təhlükəli gərginliyi dayandırmaq üçün qərardan imtina etməlidir.”