İstanbul polisinə hücum edənlərə ömürlük həbs cəzası verilib

15 iyul qiyamı zamanı İstanbul Bayrampaşada Çevik Polis Qüvvələri Mərkəzinə hücumla bağlı məhkəmə işi yekunlaşıb

Bakı, Kənan Rövşənoğlu, İnteraz - 14 Dekabr 2017, 00:18

Dekabrın 13-də İstanbul 24-cü Ağır Cinayətlər Məhkəməsində 15 iyul qiyamı zamanı Çevik Polis Qüvvələri Mərkəzinə hücumla bağlı məhkəmə işi yekunlaşıb. 15 iyul 2016-cı ildə qiyamçı hərbçilər İstanbul Bayrampaşa Rayonunda Çevik Polis Mərkəzini ələ keçirib, bu zaman baş verən toqquşma nəticəsində 1 nəfər ölüb, 15 nəfər isə yaralanıb.

Məhkəmə prosesində mühakimə olunan 18 müttəhimdən 2-si ikiqat ağırlaşdırılmış ömürlük həbs cəzasına, 1 nəfər ağırlaşdırılmış ömürlük həbs cəzasına, 15 nəfərə isə ömürlük həbs cəzası verib.

Müttəhimlər “Türkiyə Böyük Millət Məclisini devirmək”, “Türkiyə Cümhuriyyəti hökumətini devirmək”, “silahlı terror təşkilatına üzv olmaq”, “silahlı terror təşkilatına üzv olmaqla birlikdə bilərəkdən və istəyərək yardım etmək” kimi ittihamlarla mühakimə olunub.

 

Eyni zamanda məhkəmə 40 nəfər şübhəli barəsində bəraət hökmü çıxarıb.