“Türk axını”nın dəniz hissəsinin 40 faizədək hissəsinin inşası tamamlanıb

“Türk axını” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır

Bakı, Nazilə Xaqani, İnteraz - 04 Yanvar 2018, 17:57

“Türk axını” qaz boru kəmərinin (“Turkish Stream”) dəniz hissəsinin inşasının 38 faizi yekunlaşıb.

 

İnterAz xəbər verir ki, bu barədə Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin idarə heyətinin sədri Aleksey Miller deyib.

 

A.Miller “Türk axını” təbii qaz layihəsi çərçivəsində boru kəmərinin Qara dənizin altında inşa edilən qoşa xəttinin 700 kilometrlik hissəsinin inşasının tamamlandığını bildirib.

 

Qeyd edək ki, iki xətdən ibarət olan və hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq layihənin dəniz hissəsinin tikintisini Rusiyanın “Gazprom” şirkətinin 100 faizlik törəməsi olan “South Stream Transport B.V.” həyata keçirir.

 

“Türk axını” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.