Kaliforniya tarixində ən böyük meşə yanğını nəzarət altına alınıb

Hazırda yanğının səbəbləri araşdırılır

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Yanvar 2018, 15:20

Yanvarın 12-də Kaliforniyada bir aydan çox davam edən təbiət yanğınlarını nəzarət altına almaq mümkün olub.

 

İnterAz TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yanğınlar 282 min akr (114 min hektar) ərazini əhatə edib. Hazırda yanğının səbəbləri araşdırılır.

 

Xatırladaq ki, ötən il dekabrın 4-dən Kaliforniyanın Ventura dairəsində başlayan meşə yanğınları quru hava şəraiti və güclü külək səbəbindən sürətlə yayılıb. Ştat ərazisində ümumilikdə 6 yanğın ocağı qeydə alınıb. Onlardan ən irisinə “Tomas” adı verilib.

 

Kaliforniya tarixində bu ən böyük meşə yanğını Ventura və Santa-Barbara dairələrində azı iki nəfərin ölümü, mindən çox evin və tikilinin yanması ilə nəticələnib. Təhlükəli ərazilərdən on minə yaxın yerli sakin təxliyə edilib. Alovla mübarizəyə mindən çox yanğınsöndürən cəlb olunub.