Bəşşar Əsədin əmisinin 691 milyon avro dəyərindəki əmlakı müsadirə edilib

Hökumət İspaniyanın Marbelya kurort şəhərində yerləşən əmlaklara - malikanə, şəhərkənarı ev, apartamentlər və restoranlara həbs qoyub

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Mart 2018, 15:32

Fransa gömrük orqanının əməkdaşları ispaniyalı həmkarları ilə birlikdə Suriya prezidenti Bəşşar Əsədin əmisi Rifat Əsədə və onun yaxınlarına məxsus ümumi dəyəri 691 milyon avro olan daşınmaz əmlakı müsadirə ediblər.

 

Bu barədə İnterAz "Report"a istinadən xəbər verir.

 

Xatırladaq ki, ötən ilin aprel ayında Fransada R.Əsəd ilə bağlı atçılıq zavodu və dəbdəbəli mənzillər də daxil olmaqla 100 milyon dollar məbləğində əmlakın əldə edilməsi üzrə istintaq başladılıb. İyun ayında Fransa prokurorları ona qarşı korrupsiya ittihamı irəli sürüb, ardından onun əmlakına həbs qoyulub.

 

Hökumət 500-dən çox daşınmaz əmlaka, o cümlədən İspaniyanın Marbelya kurort şəhərində yerləşən əmlaklara - malikanə, şəhərkənarı ev, apartamentlər və restoranlara həbs qoyub.

 

Fransa gömrüyü həmçinin zinət əşyalarını, avtomobilləri və yarış atlarını müsadirə edib.

 

Xatırladaq ki, Bəşşar Əsədin atasının qardaşı olan Rifat Əsəd 1983-cü ildə dövlət çevrilişinə cəhddən sonra ölkədən qovulub.