ABŞ, Fransa və Böyük Britaniya ən qısa zamanda Suriyaya zərbə endirəcək

Fransa prezidentinin hərbi əməliyyatlara başlamaq üçün parlamentdən icazə almasına ehtiyac yoxdur

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Aprel 2018, 10:31

Tramp administrasiyası Suriyada həyata keçirildiyi iddia edilən kimyəvi hücuma cavab verilməsi üçün mütəffiqləri ilə danışıqlar aparır. Tramp ABŞ, Fransa və Böyük Britaniyanın hərbi əməliyyatları mümkün qədər tez başlaması üçün danışıqlar aparır. 

 

Rəsmilərin məlumatına görə, hər üç ölkənin liderləri hələ qəti qərar verməyib. Fransa prezidenti Emmanuel Makron bildirib ki, Fransa, ABŞ və Böyük Britaniya necə cavab verəcəklərinə qərar verəcək. O, “güclü və birgə cavab” verilməsi üçün çağırış edib. Makron vurğulayıb ki, Suriya onların “qırmızı xətt”ini keçib. Fransa prezidentinin hərbi əməliyyatlara başlamaq üçün parlamentdən icazə almasına ehtiyac yoxdur.

 

ABŞ prezidenti Donald Tramp “twitter”də Rusiyanı təhdid edən paylaşım edib. 

 

“Rusiya Suriyaya atılan istənilən və bütün raketləri vuracağına söz verib. Rusiya hazır ol, çünki onlar gəlir – gözəl, yeni və “ağıllı.””, - Tramp yazıb. Tramp Suriyaya endiriləcək hücumun detallarını, eyni zamanda zərbənin ABŞ raketləri ilə endirilib-endirilməyəcəyi də açıqlamayıb. 

 

Böyük Britaniyanın Baş naziri Tereza Mey ABŞ və fransalı həmkarları ilə telefon danışığı zamanı bildirib ki, beynəlxalq ictimaiyyət bütün dünyada qadağan olunmuş kimyəvi silahların istifadəsinə görə cavab verilməsini istəyir. "Times" öz mənbəyinə istinadən xəbər yayıb ki, Britaniyanın Kiprdəki Hərbi Hava Qüvvələri Suriyaya zərbə endirmək üçün tam döyüş hazırlığına gətirilib.