İrandakı neft yatağının inkişaf etdirilməsi üçün İngiltərə konsorsiumu ilə saziş imzalanıb

Təxminən 1,2 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulan layihə həyata keçiriləcəyi təqdirdə “Kerenj” yatağından sutkalıq 200 min barrel neft hasil olunacaq

Bakı, Cavid Babayev, İnteraz - 17 May 2018, 15:46

İrandakı neft yatağının inkişaf etdirilməsi üçün İngiltərə konsorsiumu ilə ilkin saziş imzalanıb.

İnterAz "Azərtac"a istinadən xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Bildirilir ki, rəsmi Tehran ölkənin cənub-qərbindəki “Kerenj” neft və qaz yatağının işlənməsi üçün mərkəzi ofisi Londonda yerləşən “Pergas” konsorsiumu ilə ilkin saziş imzalayıb. Müqavilə İranın neft naziri Bijən Namidar Zəncənə, Böyük Britaniyanın İrandakı səfiri Robert Macaire və “Pergas”ın baş icraçı direktoru Colin Rowleyin iştirakı ilə keçirilən mərasimdə imzalanıb.

Təxminən 1,2 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulan layihə həyata keçiriləcəyi təqdirdə “Kerenj” yatağından sutkalıq 200 min barrel neft hasil olunacaq.

İranın rəsmi xəbər agentliyi “IRNA” isə bu müqaviləni ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxmasından sonra Avropanın rəsmi Vaşinqton olmadan da nüvə razılaşmasını müdafiə etmək üçün atdığı ilk addım kimi qiymətləndirib.