Ərdoğan ABŞ-ın iki nazirinə sanksiya tətbiq edilməsi barədə göstəriş verib

Belə bir sanksiyanı qəbul etmək də mümkün deyil

Bakı, Kəmalə Bədəlova, İnteraz - 04 Avqust 2018, 13:57

“ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinin Türkiyədəki əmlaklarının dondurulması barədə bu gündən tapşırıq verirəm”.

 

İnterAz “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası (AKP) Qadın qollarının (təşkilatının) növbəti - V qurultayında bildirib.

 

“ABŞ-ın sanksiya qərarı strateji ortaqlığa yaraşmır. Belə bir sanksiyanı qəbul etmək də mümkün deyil. Dünən axşamadək səbr etdik. Əgər ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinin Türkiyədə əmlakı varsa, onların dondurulması barədə bu gündən tapşırıq verirəm.

 

Bu məsələdə ABŞ prezidenti Donald Trampı oyuna salıblar. Oyunu quranları da tanıyrıq. Bu oyunu cənab Trampın pozması lazımdır”, - deyə Türkiyə prezidenti vurğulayıb.

 

Qeyd edək ki, Ağ ev Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdulhamit Gülə sanksiya tətbiq edib.