Rusiyaya məxsus "Soyuz" raketinin buraxılışı zamanı qəza baş verib

Ekipaj üzvləri Qazaxıstanda qəza enişi ediblər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Oktyabr 2018, 15:10

Qazaxıstanın Baykonur kosmodromundan “Soyuz” raketinin buraxılışı zamanı qəza baş verib.

 

İnterAz-ın RİA Novosti-yə istinadən məlumatına görə, “Soyuz MC-10”un göyərtəsində MKS-57/58 missiyasının üzvləri rusiyalı kosmonavt Aleksey Ovçinin və amerikalı astronavt Nik Heyq olub.

 

Bildirilir ki, uçuşun 119-cu saniyəsində birinci pillənin yan bloklarının ikinci pillənin mərkəzi blokundan ayrılması zamanı ikinci pillənin mühərrikləri sönüb. Bundan sonra qəza mayakı işə düşüb və paraşüt açılıb.

 

Ekipaj üzvləri Qazaxıstanda qəza enişi ediblər.

 

“İnterfaks” nəşrinə raket-kosmik sahəsinə yaxın mənbə bildirib ki, qəzaya səbəb mərkəzi bloka sürətləndiricilərin yaxşı bərkidilməməsi ola bilər.

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  “Soyuz MC-10” gəmisinin qəzasını şərh edib.

 

“Çox şükür ki, kosmonavtlar sağ qalıb. Yaxşı ki, təhlükəsizlik sistemi və ekipaj üzvləri düzgün işləyib”, - Peskov deyib.