İsrailin kəşfiyyat naziri Oman Sultanlığında ərəblərin qılınc rəqsini oynayıb

İsrail mətbuatı bu səfərdə qarşılıqlı əlaqələrin müzakirəsinin və habelə “Regionun sülh dəmir yolu” məsələsinin gündəmdə olacağını bildirmişdi

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Noyabr 2018, 10:02

Körfəz ərəb dövlətləri ilə İsrailin əlaqələrinin normallaşdırılması fonunda İsrail baş naziri Benyamin Netanyahudan sonra kəşfiyyat, nəqliyyat və nüvə enerjisi naziri Esrael Katz da Oman Sultanlığına səfər edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İsrailin kəşfiyyat naziri Onam Sultanlığında yaxşı qarşılanıb.

 

22 ildən sonra baş tutan səfərdə kəşfiyyat nazirinin bir körfəz ərəb ölkəsində belə səmimi qarşılanması və ərəblərin milli rəqsi olan qılıncoynatma rəqsinə qatılması diqqət çəkib.

 

İsrail mətbuatı bu səfərdə qarşılıqlı əlaqələrin müzakirəsinin və habelə “Regionun sülh dəmir yolu” məsələsinin gündəmdə olacağını bildirmişdi.

 

İsrail mətbuatının gündəmində olan “Regionun sülh dəmir yolu” layihəsi Fars Körfəzində olan ərəb dövlətlərini İsrailə birləşdirəcək.

 

Xatırladaq ki, İsrail kəşfiyyat nazirinin Oman Sultanlığına səfəri Benyamin Netanyahunun 3 həftə öncəki səfərindən sonra baş tutub. Benyamin Netanyahu 22 ildən sonra baş tutan bu səfəri İsrail üçün tarixi gün adlandırmış və onu ərəblərlə əlaqələrin normallaşdırılması istiqamətində mühüm addım hesab etmişdi.

 

Bu səfərlər fonunda İsrail idmançıları BƏƏ və Qətərdə də müxtəlif idman turnirlərinə qatılıblar.